ABŞ-da hasilatın artması neftin qiymətini ucuzlaşdırmadı

ABŞ-da şist neftinin hasilatı bazarda “qara qızıl”ın qiymətinə təsir imkanını itirmək üzrədir.

 

APA TV-nin xəbərinə görə, “Baker Hughes” şirkəti dünən ölkədə şist nefti çıxaran hasilat qurğularının sayının rekord həddə çatdığını açıqladıqdan sonra birjalarda neftin qiyməti təxminən 6 saat ərzində 2 dollara yaxın ucuzlaşıb. Lakin axşam saatlarından başlayaraq qiymətlər yenidən əvvəlki səviyyəyə qalxıb və yüksəlməkdə davam edir.

 

Birjaların səhər seanslarında “Brent” markalı neftin bir bareli 55,48 dollardan satılıb ki, bu da günlük maksimum qiymətdən cəmi 12 sent ucuzdur.

 

Qərbi Texas neftinin qiymətində də analoji tendensiya müşahidə olunur. ABŞ-da hasilat qurğularının sayının 551-ə çatması xəbəri WTİ neftinin qiymətini 52,29 dollara endirsə də, sonradan qiymətlər 70 sent bahalaşıb. Bu gün hərraclarda Qərbi Texas nefti 53 dollardan təklif olunur.

 

Neftin qiymətində mövcud tendensiyalar OPEK üzvləri və kartelə üzv olmayan bəzi ölkələrin hasilatı azaltmaq barədə razılaşmasının bazara ciddi təsir gücünə sahib olduğunu göstərir. Bu gün Amerika Neft İnstitutu ölkənin hasil olunmuş neft ehtiyatlarının həcminə dair hesabatı açıqlayacaq. Lakin bu hesabatın qiymətlərə ciddi təsir göstərməyəcəyi ehtimal olunur. İlkin proqnozlara görə, ABŞ-da ötən həftə neft və benzin ehtiyatlarının həcmi ötən həftələrə nisbətən kəskin artıb. Bu iddianı təsdiqləyəcək rəsmi hesabat isə sabah axşam saatlarında açıqlanacaq.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR