Bakıda xəstəxanada intihar: xəstə özünü 2-ci mərtəbədən atdı

Bakıda intihar hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, səhər saatlarında Lökbatanda yerləşən 19 saylı xəstəxanada xəstələrdən biri özünü 2-ci mərtəbədən atıb.

 

Başı üstə yerə düşən 1971-ci il təvəllüdlü Samir Qurbanov aldığı xəsarətlərdən hadisə yerində keçinib. Tibb bacıları səsə dərhal otağa qaçıblar. Xəstənin otaqda olmadığını, pəncərənin isə açıq olduğunu görəndə təşvişə düşüblər.

 

Bildirilir ki, yanvarın 19-da xəstəxanaya daxil olan Qurbanov 207 saylı otaqda tək qalıb. Cərrah Qoca Qocayevin sözlərinə görə, xəstə kimsəsiz kimi xəstəxanaya qəbul olunub: "Ünvanı olmayan xəstələrdir bunlar. Gəlib bizdə yatıb. Üzün dəri altı qansızmaları diaqnozu ilə qəbul olub xəstəxanaya. Bu, ölüm verən diaqnoz deyil. Çox güman ki, çoxdan olan xəsarətlərdi bunlar. Gecə beyninə nə giribsə, pəncərəni açıb, özünü atıb aşağı".

 

Qaradağ rayon Prokurorluğundan  verilən məlumata görə, hadisə saat 04.00 radələrində qeydə alınıb. Meyit müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib. Samir Qurbanovun 2 il əvvəl əsəb xəstəliyindən müalicə aldığı bildirilir.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR