Prezident: "Azərbaycan gücləndikcə, Qarabağ münaqişəsinin həlli yaxınlaşır"

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edib.

 

APA TV xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

 

Dövlət başçısı hərbi şəhərciyin rəmzi açılışını bildirən lenti kəsib.

 

Yeni hərbi şəhərcik 42 hektar ərazidə yerləşir. Burada tikinti işlərinə 2014-cü ilin mayında başlanıb, ötən ilin sonunda isə yekunlaşıb. Şəhərcikdə zabit, gizir və çavuşlar üçün 9 yaşayış binası inşa edilib. Onlardan 4-ü ailəli, 5-i isə subay hərbi qulluqçular üçündür. Ərazidə ümumilikdə 13 əsgər yataqxanası, inzibati, xidməti və texniki binalar da inşa edilib. Binalardakı mənzillər yumşaq və bərk mebellər, zəruri inventar və televizorla təmin olunub. Bütün binalara su, elektrik, telefon, internet və televiziya kabeli xətləri çəkilib.

 

Ərazidə zəruri avadanlıqlarla təchiz edilmiş 76 çarpayılıq, ikimərtəbəli tibb məntəqəsi, yeməkxana, klub, idman-məşq qurğuları sahəsi və hamam-çamaşırxana-qazanxana kompleksi tikilib.

 

Hərbi şəhərcikdə yaradılan şəraitlə tanışlıqdan sonra dövlət başçısı hərbi qulluqçularla görüşüb. Prezident İlham Əliyev yeni hərbi şəhərciyin açılışı münasibətilə təbriklərini çatdırıb. Burada xidmət aparmaq və yaşamaq üçün bütün şəraitin olduğunu deyən dövlət başçısı son illərdə ölkəmizdə 20-dən çox hərbi şəhərciyin inşa edildiyini vurğulayıb. Hərbi qulluqçuların sosial məsələlərinin həllinin diqqət mərkəzində saxlanıldığını, Azərbaycan Ordusunun bu gün dünyanın ən qüdrətli ordularından olduğunu deyən dövlət başçısı son illərdə ordumuzun maddi-texniki bazasının müasirləşdirilməsi istiqamətində atılan addımlardan danışıb.

 

Ötən ilin aprel döyüşlərinə toxunan Ali Baş Komandan, Prezident İlham Əliyev bunu Azərbaycan Ordusunun böyük qələbəsi kimi xarakterizə edib, bu döyüşlər zamanı Ermənistanın öz ordusu ilə bağlı uzun illər yaratdığı mifin dağıdıldığını söyləyib. Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha vurğulayan dövlət başçısı qeyd edib ki, Azərbaycan gücləndikcə, münaqişənin həlli yaxınlaşır.

 

Sonda prezident İlham Əliyev hərbçilərə yeni uğurlar arzulayıb.

 

Müdafiə naziri Zakir Həsənov Azərbaycan Ordusunun döyüş fəaliyyəti barədə məlumat verib, 2017-ci ildə qarşıda duran vəzifələrdən danışıb, ordu quruculuğuna göstərdiyi diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirib.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR