Tehranda həlak olan yanğınsöndürənlər Bakıda anıldı

Tehranda çoxmərtəbəli binada baş vermiş güclü yanğın zamanı həlak olan sakinlər və yanğınsöndürənlər Bakıda anılıb.

 

APA TV-nin məlumatına görə, anım mərasimində FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Etibar Nəsirov, qurumun əməkdaşları, habelə Azərbaycanda yaşayan İran vətəndaşları iştirakı ediblər.

 

Etibar Nəsirov faciə ilə bağlı iranlı həmkarlarına başsağlığı verib: "Bu yanğın hadisəsi zamanı 30 yanğınsöndürənin həlak olması biz yanğınsöndürənləri çox kədərləndirdi. Bütün həlak olan yanğınsöndürənlərə Allahdan rəhmət diləyirəm".

 

İştirakçılar əvvəlcə Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qarşısında toplaşıb, daha sonra isə səfirliyə gediblər.

 

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib ki, Azərbaycan Tehranda binada baş verən yanğınla əlaqədar İrana kömək təklif edib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov hadisədən dərhal sonra İrana həm texniki yardım göstərməyə, həm də işçi qüvvəsi göndərməyə hazır olduğunu deyib. Səfir başda prezident İlham Əliyev olmaqla, Azərbaycan xalqına təşəkkürünü bildirib və Azərbaycan-İran münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

 

Yanvarın 19-da Tehranda "Plasko" ticarət mərkəzinin binası yanğından sonra çöküb. Nəticədə onlarla adam ölüb. Həlak olanlardan 30-u yanğınsöndürən, digərləri isə yerli sakinlər olub.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR