Bakıda əlillər üçün teatr - REPORTAJ
Xəyalə Yusif bu günlərdə 30 yaşına qədəm qoydu. Ömrünün 3-cü onilliyinə yeniliklə daxil oldu. Bir cəhd etdi və özünü teatr səhnəsində tapdı.
Xəyalə xanım I qrup əlil olsa da, aktivdir. Məşğuliyyətləri çoxdur. Müxtəlif materiallardan bəzək əşyaları hazırlayır, sərgilərdə iştirak edir, ingilis dili ilə məşğul olur. Bu yaxınlarda isə daha bir sahədə özünü tapıb. Üzv olmaq üçün müraciət etdiyi Əlil Qadınlar Cəmiyyətində ona yeni teatr yaradıldığı haqqında məlumat verilib. Xəyalə xanım teatrı çox sevdiyindən, özünü sınamaq qərarına gəlib. Beləliklə, teatrla tanışlıq başlayıb. İlkin təəssüratlar əlbəttə ki, unudulmur. Bir neçə ay keçməsinə baxmayaraq, Xəyalə xanım o anları hələ də xatırlayır: “Həyəcanlı oldu. Bir az utancaqlıq var idi. Müəllimlərimizi çox tanımırdıq. Çox səmimi və səbirli olduğuna görə həyəcanımız qısa zamanda ləğv olundu”.
Xəyalə Yusifin dediyinə görə, bu aylar ərzində heç gözləmədiyi bacarıqları da üzə çıxıb: “Teatr mühitinə adaptasiya yaxşı oldu. Həm də cəmiyyətə inteqrasiyanı öyrənir insan. Teatra yazılandan sonra təkbaşına gedib-gəlməyə başladım. Həyəcanımızı yendik. Nəsə öyrənməyə başladıq. Yaqut xanım bizə şeir yazdırdı. Bir də baxdıq ki, şeir yaza bilirik”.
Tamaşa bu yaxınlarda təhvil verilib. Qrupun hər bir üzvü ssenari yazıb. Daha sonra bütün yazılar bir yerə toplanıb. Ümumi müzakirədən sonra yekun ssenari razılaşdırılıb və məşqlərə başlanıb. 12 nəfərlik qrupun iştirak etdiyi kiçik truppaya rəhbərliyi də Xəyalə xanıma həvalə ediblər. Deyilənə görə, rejissor kimi bəzən sərt olur, bəzən mülayim: “Əsas mesajımız o idi ki, əlillər evdə oturmasın, onlar da cəmiyyətə çıxsın, heç nədən utanmasın, çəkinməsin, sözlərini deməyi bacarsınlar. Çünki çox əlil evdə oturduğuna görə utancaq olur. Bu, bizim üçün həm cəmiyyətə inteqrasiya idi, həm də sənət öyrənirik. Teatr mədəniyyətdir”.
Xəyalə Yusifin başqa arzuları da var. Rəsm çəkməyi, gitara çalmağı öyrənmək istəyir. Ən böyük arzularından biri Norveçə köçməkdir. Ancaq hələ ki, teatrda fəaliyyətini davam etdirir, növbəti tamaşaya hazırlaşır, ssenari üzərində işləyir.
“İcma Teatrı”nın yaradılması Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının dəstəyi ilə “Cənubi Qafqazda regional mədəniyyət və incəsənət” layihəsi çərçivəsində reallaşıb. Layihənin rəhbəri Azərbaycan Dövlət “Yuğ” Teatrının direktoru Tərlan Rəsulovdur. İcma Teatrının əsas missiyası yalnız tamaşa göstərmək deyil, icmanı maraqlandıran ictimai-sosial problemlərin cəmiyyətə təqdim olunmasıdır. Layihənin özəlliyi ondan ibarətdir ki, məşqlər nəticəsində əlillər heç bir kömək olmadan tamaşa hazırlamağı bacarmalıdırlar. Bacarırlar da: “İcma Teatrı Avropanın bir çox ölkələrində, o cümlədən başqa qitələrdə də mövcuddur. Azərbaycanda yoxdur. Mən bilən, Qafqazda yox idi. Peşəkar teatrdan fərqli olaraq, bölgü yoxdur. Ona görə İcma Teatrı adlanır ki, hər kəs qrup şəklində çalışır. Biz, sadəcə, müşahidəçi rolunu ifadə edirdik”.
Onun sözlərinə görə, təlim müddətində psixoloji baryerlərin tez zamanda keçilməsi üçün psixoloqların köməyindən də istifadə olunub. Bu da öz səmərəsini verib: “Bizim gözümüzün qarşısında onlar bütün psixoloji problemlərini həll etdilər, işıq saçmağa başladılar. Gələndə tamam başqa durumda idilər. Tamaşa zamanı onlar elə improvizələr etməyə başladılar ki… Mən ilk növbədə onlardakı həyat eşqinə həsəd aparıram. Biz onlardan çox şey öyrəndik. Biz onlardan həyata münasibəti və necə sevməyi öyrəndik”.
Müəllimlər iştirakçılar qarşısında öhdəlik də qoyublar. Belə ki, növbəti mərhələlərdə layihəyə qoşulacaq iştirakçılara artıq təcrübəsi olan əlillər təlim keçəcək. Yəni layihə davamlı olacaq. Odur ki, özünə güvənən və teatra həvəsi olanlar, sınamağa dəyər!
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı