Salyanda 5 yaşayış məntəqəsini birləşdirən yeni yol çəkilib

Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi ilə bağlı aparılan işlər yekunlaşıb. 

 

“Azəravtoyol” ASC-dən APA TV-yə verilən məlumata görə, avtomobil yolu yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

 

Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolu torpaq və çınqıl örtüklü olduğu üçün xüsusən payız-qış mövsümündə vətəndaşların gediş-gəlişində problemlər yaşanırdı. Bu problemin həlli  üçün cəmiyyət tərəfindən yolun sözügedən hissəsinin tikintisi işləri texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə aparılıb. Ümumilikdə 157 min kv. m ərazi asfaltlanıb.

 

Layihəyə uyğun olaraq yol yatağının eni 10 metr təşkil edir. Bura 6 metr yolun hərəkət hissəsi və hər bir istiqamət üzrə 2 metr olmaqla çiyinlər daxildir. Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə suötürücü boruların tikintisi işləri də aparılıb.

 

Tikinti işləri bitdikdən sonra yolda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə 48 ədəd yol nişanları quraşdırılıb, yola 12,8 km uzunluöunda üfiqi nişanlama xətləri də çəkilib.

 

Qeyd edək ki, Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi 5 mindən çox əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, yetişdirilən kənd təsərrüfatı məhsullarının rahat şəkildə rayon mərkəzlərinə daşınmasına imkan yaranacaq. 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR