Lənkəranın damı çökmüş Dairəvi qalası - REPORTAJ
Lənkərandakı Dairəvi qala daim cənub bölgəsinə üz tutanların diqqətini çəkən bir tikili olub.
APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, möhtəşəmliyi və zəngin tarixi keçmişi ilə göz oxşayan bu abidə indi səbirsizliklə təmir olunacağı günü gözləyir.
El arasında “Zindan qala” kimi tanınan Dairəvi qala 1727-ci ildə Nadir şah Əfşarın göstərişi ilə avropalı mühəndislər və Təbriz ustalarının əməyi nəticəsində ərsəyə gəlib. Dairəvi qala XIX əsrin sonlarından zindan kimidə istifadə olunub. Qala 2006-cı ildə əsaslı şəkildə bərpa olunsa da, yenidən acınacaqlı vəziyyətə düşüb.
Qalanın baş mühafizəçisi Vamiq Babayev bu abidənin turistlər arasında çox populyar olduğunu deyir: "Cənub bölgəsinə, eləcə də Lənkərana gələn turistlər Dairəvi qalaya baş çəkməmiş geri dönmürlər. Dairəvi qalada turistləri birinci mərtəbədə gəzdirmək mümkündür, amma 2-3-cü mərtəbələri, görüntüdən də görürsüz, maneçilik törədir".
İki il öncə elə də güclü yağmayan qar abidənin dam örtüyünün bir hissəsini uçurub. Bir ildir ki, yağış suları düz qalanın içinə yağır. Bu vəziyyət təkcə burada çalışan insanları deyil, sadə vətəndaşları da narahat edir.
Lənkəran sakini İradə Abdullayeva abidənin təmir olunmasını arzulayır: "Bizim gənclərimiz bu tarixi abidə haqqında çox şey bilməlidir. Mənim bildiyimə görə, dərsliklərə də salınıb bu tarixi abidə. Tamamilə təmir olunsun, buna baxsınlar, istifadəyə verilsə, daha yaxşı olar"
Şəhər sakini Yaşar Abdullayev də eyni fikirdədir: "Keçən il kumunun bir hissəsi çökmüşdü, bu il kum tamamən bərbad gündədir. Divarları sıradan çıxır, ona görə nə qədər tez təmir olunsa, yaxşıdır".
Dairəvi qala artıq iki ildir bu vəziyyətdədir. Vamiq Babayev qalanın dam örtüyünün iki il əvvəl çökdüyünü deyir: "Dairəvi qalanın dam örtüyü 2015-ci ilin fevral ayında çöküb. Bu barədə biz Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişik. Cavab olaraq yaxın vaxtlarda qalanın təmir olunacağı gözlənilir".
Qeyd edək ki, Dairəvi qala Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dövlət tərəfindən mühafizə olunan memarlıq abidələri siyahısına daxil edilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı