Qarabağ əlilinin vəfa borcu: "Belimdə daşıdığım daşlardan döyüş yoldaşlarıma abidə ucaltdım"

Eldəniz Abbasovun 51 yaşı var. Paytaxtın Nizami rayonunda yaşayır. İkinci qrup Qarabağ əlilidir. Qarabağda gedən döyüşlərdə fəal iştirak etdiyini deyən Eldəniz Abbasov döyüş yoldaşlarına söz veribmiş ki, əgər sağ qalsa, müharibənin acı günlərini xatırladacaq muzey yaradacaq.

 

Qarabağ savaşında üç ağır güllə yarası alan Eldəniz Abbasov verdiyi sözü gerçəkləşdirir və dostlarının xatirəsini əbədiləşdirmək üçün yaşadığı həyətdə öz əlləri ilə hər kəsin diqqətini cəlb edə biləcək abidə yaradır. Elə onunla tanışlığımıza da təsadüfən gördüyümüz bu abidə səbəb oldu:

 

"Adi qaya daşlarıdır. Əllərimlə bir-bir toplamışam. Belimdə, arabada, maşınla daşıdığım ağır daşlar da var. Burada gördüyünüz nə varsa, əllərimin bəhrəsidir. Heç kimdən heç bir maddi dəstək almadan yaratmışam bu abidəni. Gecələr gözətçi işləyirəm, əlillik müavinəti alıram. Pensiyamdan yavaş-yavaş pul yığdıqca tikirəm".

 

Eldəniz Abbasov tikintidə istifadə etdiyimi materialları tapmaqda bəzən çətinlik çəksə də, yorulmadan, usanmadan axtarışlarını davam etdirir:

 

"Daş karxanalarına üz tuturam. Orada qaya, çınqıl qırıntıları toplayıram. Sonra insanların istifadə etmədiyi mebelləri yonub düzəldirəm. Rayonlara gedən olanda xahiş edirəm hərə əlinə düşəni gətirir".

 

Yaratdığı bu məkana hər gün hər ziyarətçi axını olduğunu deyən müsahibimiz abidənin daha çox ölkəmizə gələn xarici turistlərin marağını cəlb etdiyini gedir.

 

"Almaniya, Kanada və İsraildən turistlər gəlib baxıblar. Şəhid Albert Aqarunovun doğmaları tez-tez gəlir. 70 və 242 saylı orta məktəblərin şagirdləri mütəmadi olaraq abidəni ziyarət edirlər. Şəhər sakinləri şəhidlərimizin ruhunu yad edir , gül gətirilər. Gecələr gördüyünüz bu qayalar işıq saçır, çox gözəl mənzərə yaradır".

 

Abidədə Qarabağ döyüşlərində canını qurban vermiş şəhidlərimizin şəkilləri, onların istifadə etdiyi geyim əşyaları da var:

 

"Deyirlər göyərçinlər sülh quşlarıdır. "Yurdda sülh, cahanda sülh" arzusu ilə..."

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR