Çin iqtisadiyyatında inkişaf əlamətləri nefti bahalaşdırır

Birjalarda "qara qızıl" həftəni yüksək qiymətlə başa vurub. APA TV-nin məlumatına görə, həftə ərzində dəyər itirən "Brent" markalı neftin qiyməti son hərraclarda yenidən yüksəlib. Bir bareli 55,76 dollardan satılan "Brent"in son hərrac qiyməti 55,45 dollar olub. Bu, ötən həftənin son hərraclarında qeydə alınan qiymətdən cəmi 14 sent ucuzdur.

 

Qərbi Texas nefti də əvvəlki mövqelərə qayıtmağı bacarıb. Ötən birja həftəsini 52,55 dollarla başa vuran WTİ nefti bu həftənin son hərraclarında 53,19 dollardan təklif olunub.

 

Həftə içi ucuzlaşmadan sonra neftin qiymətinin yenidən yüksəlməsinə bir neçə amil təsir göstərib. Bu amillər dünya bazarında neft təklifinin tədricən azalması və Çin iqtisadiyyatının durumuna dair son rüblük hesabatdır. Çində böhrandan sonra iqtisadi inkişafın yenidən bərpa olması əlamətləri bazarda neftə tələbatın artacağı kimi dəyərləndirilir. OPEK ölkələri də hasilatı azaltmaqla bağlı razılaşmaya hələlik əməl etməkdədir, bu isə bazarda neft təklifinin azalmasına səbəb olur.

 

Qiymətlərin artmasını ləngidən əsas faktor isə yenə də şist neftidir. ABŞ-da ötən həftə neft və benzin ehtiyatlarının həcmi gözlənilmədən artıb, bu isə dünya bazarında neftin qiymətinin artmasına imkan vermir. Beynəlxalq Enerji Agentliyi OPEK ölkələrində hasilatın azaldılması hesabına qiymətlərin 55 dollar ətrafında möhkəmləndiyini bildirir. Lakin bu qiymətlər paralel olaraq ABŞ-da şist nefti hasilatını stimullaşdırır, çünki şist neftinin hasilatı yalnız qiymətlər 50 dolları keçdikdə səmərəli olur.

 

Ekspertlər hesab edir ki, Donald Trampın inauqurasiya mərasimində söylədiyi fikirlər və prezidentin ilk iş həftəsində atacağı addımlar neftin qiymətinə pozitiv təsir göstərəcək.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR