Azərbaycanda ilk 20 Yanvar abidəsi - REPORTAJ
Azərbaycanda 20 Yanvar şəhidlərinə qoyulan ilk abidə Astara rayonundadır. APA TV-nin cənub bürosunun məlumatına görə, abidə Astara rayonunun Şiyəkəran kəndində, şəhidlərin dəfnindən bir ay sonra ucaldılıb.
Kənd sakini Yunus Qulamov hadisələrdən bir neçə gün sonra bu qərara gəldiklərini deyib: "Həmin dövrdə Şiyəkəran ziyalıları, kənd ictimaiyyəti sovet müqavimətini qırmaq, onların azğınlığını onlara göstərmək üçün bu abidəni qoymaq qərarına gəlib. O vaxt kənd müəllimi Ənnam Əmrayev bütün ziyalıları öz ətrafına yığaraq, onların köməyi ilə Bakı şəhərində bu abidəni sifariş edib. Şəhidlərin qırx mərasiminə qədər abidə hazır olub".
Faciədən dərin sarsıntı keçirən kəndin coğrafiya müəllimi, 34 yaşlı Ənnam Əmrayev öz şəxsi vəsaiti hesabına 20 Yanvar şəhidlərinin xatirəsinə mərmərdən xatirə abidəsi inşa etdirib. Buna görə bu kənd təzyiqlərə məruz qalıb.
Başqa bir sakin, Həbib Həbibov isə bu abidəni ucaltmaq istəklərinə o zaman əngəl yaradılmasına cəhdlər edilib: "Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə qoymağa mane olurdular. Lakin biz heç bir şeydən çəkinməyərək, bu abidənin ərsəyə gəlməsinə var gücümüzlə çalışdıq. Əgər onlar bizim gələcəyimiz üçün canlarını fəda ediblərsə, vətən uğrunda şəhid olublarsa, biz də iş görməliydik".
Həmin vaxt belə bir xatirə lövhəsini kəndin mərkəzində ucaltmağa görə o vaxtkı hüquq-mühafizə və təhlükəsizlik orqanları tərəfindən mütəmadi hədə-qorxulara məruz qalan Ənnam Əmrayev heç nədən çəkinməyərək, 20 Yanvar şəhidlərinin 40 mərasiminin həmin abidənin önündə keçirilməsinə də nail olub. Lakin təzyiqlər öz işini görüb və Ənnam müəllim doqquz aydan sonra 35 yaşında müəmmalı şəkildə dünyasını dəyişib.
İndi bu abidə kəndin ən müqəddəs ziyarətgahlarından biri sayılır. Önündən keçən kəndlilər onların ruhuna dualar oxuyub, xatirələrini yad edirlər: "Bütün kənd ictimaiyyəti bu abidəni hörmətlə yad edir, toy mərasimlərində gəlinlə bəy nikaha girməmişdən öncə buranı ziyarət edir".
Hər il olduğu kimi bu il də 20 Yanvar hadisələrinin 27-ci ildönümündə kəndin ağsaqqalları, məktəblilər, müəllimlər - böyükdən-kiçiyə hər kəs bu abidəni yad edir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı