Cəlilabadda qəza: sürücü yaralandı, arvadı öldü

Cəlilabadda 1 nəfərin ölümü, 1 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Qarazəncir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Astara rayon sakini Teymur Nəsirov Astara-Bakı marşrutu üzrə idarə etdiyi sərnişin avtobusu ilə Bakı istiqamətində hərəkətdə olarkən qarşısına əks istiqamətdən idarəetməni itirən "Mercedes" markalı minik avtomobili çıxıb. Avtobusun sürücüsü qəzadan qaçmaq üçün səy göstərdiyini deyib: "Qəfildən qabağıma çıxdı, üzbəüz gələndə yolda sürüşdü. Sola qaçırdım, yenə arxasını tutdu".

 

Toqquşma nəticəsində "Mercedes" magistral yoldan 15-20 metr kənara düşüb. Hadisə zamanı əslən Zəngilan rayonundan olan, hazırda isə Bakıda yaşayan sürücü Musa Bayramov yüngül, onun arvadı, 42 yaşlı Həcər Bayramova müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

 

Yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına aparılarkən Həcər Bayramova yolda dünyasını dəyişib. İlkin ehtimala görə, hava yağmurlu olduğundan, qəzaya yolun sürüşkən olması səbəb olub.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR