Yas mərasimindən qazan oğurladılar

Samuxun Sərkar kəndində yas mərasimindən ümumi dəyəri 2400 manat 4 ədəd qazan oğurlanıb.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Sərkar kənd sakini, 27 yaşlı Səbuhi Həsənov şübhəli şəxs kimi saxlanılıb.

 

Samux rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin rəisi Ramiz Məhərrəmovun sözlərinə görə, araşdırmalar zamanı müəyyən edilib ki, Həsənov qazanları 28 yaşlı qardaşı Müşfiq Həsənov və 27 yaşlı həmkəndlisi Elnar Məmmədovla birgə oğurlayıb: "Qazanları Səbuhi Həsənovun qayınanası, Samux rayonunun Sərkar kəndində yaşayan Əliyeva Reyhan Qələndər qızının evində elektrik mişarı ilə doğrayaraq, Gəncə şəhərində metal qəbulu məntəqəsinə təhvil veriblər".

 

İstintaq yolu ilə müəyyən edilib ki, saxlanılan şəxslər müxtəlif vaxtlarda Sərkar kəndində digər oğurluqlar da törədiblər. Qarətçilər mənzillərdən əsasən elektrik naqilləri, bahalı televizor, eləcə də musiqi mərkəzləri aparıblar. Əldə etdikləri əşyaları isə Gəncə və ətraf bölgələrdə dəyər-dəyməzinə satıblar. Artıq həmin əşyalardan bir qismi aşkarlanaraq maddi sübut kimi tanınıb. Saxlanılan hər iki törətdikləri əməli səmimi etiraf ediblər.

 

Elnar Məmmədov, saxlanılan şəxs: "Yolla gedirdim, yanımdakı oğlan dedi ki, burada mağar var. Mağarın yanından keçib qapıya daxil olduq. Qazanları götürüb çıxdıq. Köməkli evə gətirdik".

 

Müşfiq Həsənov, saxlanılan şəxs: "Üzr istəyirəm. Bir səhvdir, eləmişəm. Çox peşmanam. Buradan çıxandan sonra gedib yas sahiblərindən də üzr istəyəcəyəm".

 

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR