Aydın Əliyev: "2 milyon dolların ölkədən çıxarılmasına imkan vermədik"

"Valyutanın aparılması ciddi məsələlərdən biridir. 2 milyondan çox dolların ölkədən çıxarılmasının qarşısı ala bilmişik. 700 qr-dan çox civə müsadirə olunub, iş məhkəməyə göndərilib".

 

APA TV-nin xəbərinə görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

 

Onun sözlərinə görə, qlobal iqtisadi böhran, neftin ucuzlaşması, o cümlədən manatın devalvasiyası ötən il Azərbaycanın ixracına təsir edib və ixrac məhsulları 17% aşağı düşüb. Lakin bu amillərə baxmayaraq, komitə proqnoz tapşırığını vaxtından əvvəl və 26%-dən yuxarı rəqəmlə yerinə yetirilib.

 

Aydın Əliyev son 2 il ərzində Dövlət Gömrük Komitəsində çalışan 503 əməkdaşın məsuliyyətə cəlb olunduğunu da deyib. Onlardan 84-nün işdən çıxarıldığını qeyd edən komitə sədri əlavə edib ki, azad olunanlardan bəzisi öz ərizəsi ilə kənarlaşdırılıb.

 

Komitə sədri Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Sınıq Körpü" gömrük-keçid məntəqəsində növbələrin və problemlərin yaranmasına da toxunub və bunun səbəblərinə aydınlıq gətirib:

 

"Bir vaxtınızı sərf edin və Azərbaycandan Gürcüstan istiqamətində gedənlərə nəzər salın. Görün Azərbaycandan Gürcüstana gedənlər arasında bir kibrit aparan var? Gürcüstanda isə müəyyən işbazlar var ki, Azərbaycana gələnlərə "Pampers", siqaret verirlər və deyirlər ki, sizdə bunlardan yoxdur. Mən hələ Gürcüstana ailəvi şəkildə alver məqsədilə gedənləri, gündə, ayda bir neçə dəfə sərhədi keçənləri demirəm. Təsəvvür edin, bu adamlar ailəvi şəkildə gündə bir neçə dəfə sərhədi keçirlər və oradan icazə verilən normativdən artıq mal və məhsul gətirirlər".

 

Aydın Əliyev Azərbaycanın gömrük sərhədlərinin ən müasir avadanlıqlarla təmin olunduğunu da vurğulayıb.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR