Deputatlar dövlət qurumlarından şikayətlənir

“Milli Məclisin İnsan hüquqları komitəsinə daxil olan müraciətlər aidiyyəti dövlət qurumlarına, nazirliklərə göndərilir. Amma bizə gələn cavabların sayı az olur. Bu, həm komitəyə, həm də Milli Məclisə hörmətsizlikdir”.

 

APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov komitənin bu gün keçirilən iclasında deyib.

 

O bildirib ki, belə olan halda vətəndaş Milli Məclisdən incik düşür: “Biz nəyisə deyəndə məqsədimiz özümüzü gündəmə gətirmək olmur. Amma bəzi deputatlar özlərini reklam edirlər. Deputatın təyyarədə içdiyi kofeyə qədər mətbuatda yazılar gedir. Reklam nəyə lazımdır ki?”

 

Deputat Tahir Kərimli də bəzi nazirlikləri və digər dövlət qurumlarını deputatların sorğularına hörmətsiz yanaşmaqda ittiham edib: “Elələri var, köməkçiləri belə bizə cavab vermirlər. Bəs seçicilərin dərdini biz kimdən soruşaq?”

 

Komitə sədri Bahar Muradova Yevda Abramovun fikri ilə razılaşmadığını deyərək bildirib ki, dövlət qurumlarının Milli Məclisin göndərdiyi məktublara cavab verməməsi hörmətsizlik deyil: “Yevda Abramovun fikirləri ilə razılaşmıram. Milli Məclisə nəyə cavab almaq istəyirsə, ona da cavab alır”.

 

Bahar Muradovanın sözlərinə görə, payız sessiyasında komitəyə 849 sənəd daxil olub ki, onlardan da 447-si müvafiq orqanlara göndərilib və müsbət həllini tapıb.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR