Əli Məsimli: "AZAL-ın inhisarçılığı davam etdikcə..."

“Ötən ilin sonlarında yoldaşımla Türkiyəyə getmişdik, özü də biznes-klassla. Sonra elə oldu ki, iki gün gecikəsi oldum. AZAL-ın Türkiyədə nümayəndəliyi var, ora müraciət edəndə dedilər ki, bizlik deyil, biz biletləri dəyişə bilmərik, haradan almısınız, ora da müraciət edin…"

 

APA TV-nin məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

 

Millət vəkili Əli Məsimli  isə qeyd  edib ki, AZAl özəlləşdirməyə çıxarılmalı, eyni zamanda Azərbaycanın hava məkanına, aviasiya sahəsinə digər şirkətlər buraxılmalıdır: "Azərbaycan aviasiyası, AZAL Azərbaycan iqtisadiyyatına, büdcəyə əlavə yükdür. Odur ki, AZAL özəlləşməyə çıxarılmalıdır. AZAL-ın inhisarçılığı davam etdikcə, biletlərin qiymətlərinin, tariflərin müəyyənləşdirilməsində özbaşınalıqlar və bunun da nəticəsində narazılıqlar davam edəcək”.

 

Məsələyə deputat İlham Əliyev də münasibət bildirib: "Biz millət vəkilləri burdan VİP zalından keçirik. İstanbulda bizi həmin o VİP zalında qəbul etməlidirlər, yoxsa yox? Rəsmi nümayəndə kimi gedəndə bizi qəbul edirlər, amma millət vəkili kimi düşürük, sənədimizi də təqdim edirik, bizi ora qəbul eləmirlər".

 

Azərbaycan Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov millət vəkillərinin AZAL-ın monopolist olması fikri ilə razılaşmadığını dilə gətirib: "Biz 68 dövlətdən uçuşlar yerinə yetirə bilərik. Amma cəmisi 22-si ilə hava əlaqəsi var. Hazırda uçuşların faizinə baxdıqda, daşınan sərnişinlərin və uçuşların sayına görə 52 faizini xarici şirkətlər və yalnız 42 faizini beynəlxalq uçuşlardan AZAL yerinə yetirir".

 

Arif Məmmədov səsləndirilən problemləri AZAL-ın rəhbərliyinə, Cahangir Əsgərova çatdıracağını bildirib. 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR