Suya həsrət Bülbülə - REPORTAJ
Paytaxtın Bülbülə qəsəbəsinin Vüqar Bədəlov küçəsində su yoxdur. Sakinləri ən çox narahat edən də məhz budur.
Onlar deyir ki, əraziyə çəkilən su və kanalizasiya xətləri 70-ci illərin, belə demək mümkünsə, yadigarıdır. Gəl ki, 50 ilə yaxındır çəkilən borulara su ya fasilələrlə verilir, ya da heç olmur. Ona görə də sakinlər artıq xeyli müddətdir suyu pulla almağa məcburdur. Amma buna da əksəriyyəti işsiz vətəndaşların imkanı çatmır. Küçənin yolları su ilə dolu olsa da, evlərə su fasilələrlə verilir. Elə sakinləri ən çox narahat edən də budur.
Qəsəbə sakini Telman Ağasıyev deyir ki, iki saat-üç saat su verilir: "O da biri bağlamalıdır, biri açmalıdır ki, çəni dolsun. Bu nə deməkdir?"
Sakinlər bildirir ki, qəsəbədə yerləşən evlərin əksəriyyətində smartkart tipli sayğaclar quraşdırılsa da, su verilməməsi səbəbindən bu sayğacların necə işlədiyini görə bilməyiblər. Burada yaşayanların demək olar ki, hamısı suya olan ehtiyaclarını əllərinə keçən qabları doldurmaqla ödəyir. Lakin çox zaman bu da kifayət eləmir.
Bura qəsəbə sakini Manaf Babayev və ailəsinin yaşadığı evdir. Bu evin sakinləri də digərləri kimi su üzünə həsrətdir.
Manaf Babayev kimi yüzlərlə sakin yaşayır bu qəsəbədə. Hamısının da eyni problemi, susuzluq kimi ortaq bir dərdi var. Bu dərdə isə çarə tapmaq lazımdır: "Bu vedrəni qoymuşam evdə yoldaşım xörək bişirsin, çay qaynatsın, uşaqları yedizdirsin. İki dənə də vedrə burda qoymuşam qab yumağa. Mühəndisə də şikayət eləyirəm, mühəndis deyir get, hara istəyirsən şikayət elə".
Söhbətimiz zamanı sakinlərdən suya görə borclarının olub-olmadığını soruşuruq. Hamı bir nəfər kimi ödəniş qəbzlərini göstərir. Deyirlər ki, vaxtlı-vaxtında su pullarını ödəyiblər. İndi isə istədikləri təkcə sudur ki, hələlik aidiyyəti qurumların səhlənkarlığı səbəbindən bundan məhrumdurlar. Bülbülə əhli onlara suyun gəlməməsini daha bir faktorla izah edir. Belə ki, nasosxananın yerləşdiyi yerdə üzərində kranlar olan üç ədəd su borusu var. Borulardan birinin ventili sökülüb, digərinin üzərinə qıfıl vurulub, üçüncüsü isə ümumiyyətlə, istifadəyə yararsızdır.
Şikayətçilərin sözlərinə görə, üzəri kilidli su borusu ətrafda yerləşən villaları su ilə təmin edir. Yəni bu sakinlərdən fərqli olaraq, rəsmilər həmin villaları təmin etmək üçün su tapır. Bu durumun səbəbi isə Ədalət Mehdiyev başda olmaqla suya ehtiyacı olan Vüqar Bədəlov küçəsinin sakinlərinə qaranlıqdır: "Xətlərimiz köhnə olduğuna görə hardasa su xəttində sızma olarsa, ona çöp vurmaqla bizim suyumuz verilmir. Deyirlər, təmir işləri gedir. Yəqin ki, qışa hazırlıq görülməlidir. Bu, bizdə tərsinə olur".
"Su aydınlıqdır" deyib atalarımız. Əgər Bülbülə qəsəbəsinin su problemi də həll olunarsa, onlar da aydınlığa çıxacaq. Nə deyirik, təki bu, tezliklə reallaşsın.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı