Azərbaycan prezidenti səudiyyəli nazirlə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 18-də Davosda Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Al Falih ilə görüşüb.

 

APA TV-nin xəbərinə görə, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığı yüksək qiymətləndirən nazir Xalid Al Falih gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndiriləcəyinə ümidvar olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən uğurlu islahatların əhəmiyyətini qeyd edib.

 

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanına səfərini məmnunluqla xatırlayıb, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin olduğunu deyib.

 

Söhbət zamanı Səudiyyə Ərəbistanı tərəfindən Azərbaycana investisiyaların yatırılması, Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycanın Energetika Nazirliyi arasında əməkdaşlıq, “Saudi Aramco” şirkəti ilə SOCAR-ın həm regionda, həm də digər ölkələrdə birgə layihələr həyata keçirmələri və digər məsələlər müzakirə edilib.

 

Prezident İlham Əliyevin “Palantir Technologies” şirkətinin baş icraçı direktoru və təsisçisi Aleks Karp ilə də görüşü olub. Görüşdə “Palantir Technologies” şirkətinin baş icraçı direktoru və təsisçisi Aleks Karp Azərbaycan ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib. Söhbət zamanı ölkəmizlə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

 

Prezident İlham Əliyev İsveçrəyə işgüzar səfəri çərçivəsində CISCO şirkətinin icraçı sədri Con Çambers ilə görüşüb.

 

Con Çambers ölkəmizin xarici şirkətlər üçün etibarlı tərəfdaşa çevrildiyini deyərək, Azərbaycanla əməkdaşlıq etməyin son dərəcə əlverişli və faydalı olduğunu bildirib. Prezident İlham Əliyev Azərbaycanın inkişafın yeni mərhələsinə qədəm qoyduğunu qeyd edib, əməkdaşlığımızın da bu mərhələyə uyğunlaşdırılmalı olduğunu vurğulayıb.

 

Söhbət zamanı ictimai xidmətlər, sənaye, kənd təsərrüfatı, turizm, ixracın şaxələndirilməsi sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR