Bakıda 20 Yanvar hazırlıqları - REPORTAJ
Azərbaycanın azadlıq mübarizəsinin ən qanlı səhifələrindən biri olan 20 Yanvar faciəsinin 27 illiyi qeyd edilir. Artıq anım mərasimləri ilə bağlı hazırlıqlar başlayıb.
APA TV-nin xəbərinə görə, budəfəki kompozisiyada qırmızı güllərlə yanaşı, qara güllərdən də istifadə olunur. Hazırlıq işlərində minlərlə güldən istifadə ediləcək. Prosesə yüzlərlə könüllü cəlb edilib.
Müqəddəs məkan qərənfillərə bürünür. Sovet dövrünün məşhur Dağüstü Parkı Şəhidlər Xiyabanı adı almasının 27-ci ilində də ziyarətçiləri qəbul etməyə hazırlaşır. Vətənə azadlığı canları bahasına bəxş edən 20 Yanvar şəhidləri bu illər ərzində milyonlarla insanın müqəddəs ziyarət məkanına çevrilib.
Xiyabanın hazırlıq işləri yanvarın 19-dək yekunlaşdırılacaq və ziyarətə tam hazır vəziyyətə gətiriləcək. Gərgin iş getməsinə baxmayaraq, xiyabana gələn ziyarətçilərin ardı-arası kəsilmir. Yüzlərlə məktəbli, yaşlı, gənc, müxtəlif sənət sahibi insanlar bu müqəddəs ocağa üz tutur.
Məktəblilər öz aralarında məzarların üzərində yazılan tarixi müzakirə edir, bir-birinə məlumat verirlər. Burada sanki canlı tarix dərsi keçilir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Bakıda hərbi əməliyyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Bu qanlı hadisələrdən illər keçsə də, insanlarımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı