Şamaxıda torpaq sürüşməsi: yol dağıldı, 150 ev qəza vəziyyətində!

Torpaq sürüşməsi Şamaxının Mədrəsə qəsəbəsinin sakinlərini çətin duruma salıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, son günlər qəsəbədə torpaq sürüşməsi yenidən aktivləşərək geniş ərazini əhatə edib.

 

Ümumilikdə 460 təsərrüfat üzrə 2400 nəfərin yaşadığı bu qəsəbədə torpaq sürüşməsi nəticəsində 150-dən çox evdə irili-xırdalı çatlar əmələ gəlib.

 

Son günlər daha bir ev tamamilə yararsız hala düşdüyü üçün ailə çıxılmaz vəziyyətdə qalıb.

 

Sakinlərin sözlərinə görə, son günlər havaların günəşli keçməsinə baxmayaraq, torpaq sürüşməsi yenə də davam edir.

 

Şamaxı Rayon İcra Hakimiyyəti nümayəndəsinin sözlərinə görə, torpaq sürüşməsi nəticəsində rayon mərkəzində, eləcə də 7 kənddə baş verən torpaq sürüşməsi zamanı 400-dən çox evə ziyan dəyib.

 

Torpaq sürüşməsi yaşayış məntəqələri ilə yanaşı, Şamaxı-Qızmeydan avtomobil yoluna da ciddi ziyan vurub.

 

Sürüşmənin qarşısının alınması üçün ərazidə əsaslı bərpa və bərkitmə işlərinin aparılmasına ehtiyac var. Əks halda, sürüşmə sahəsinin ərazisi daha da artaraq, yola xeyli ziyan vuracaq.

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR