Bazardakı şübhələr nefti bahalaşmağa qoymur

Dünya bazarında xam neftin qiymətində qeyri-stabillik müşahidə olunur. APA TV-nin məlumatına görə, "Brent" nefti 24 saat ərzində 1 dollar bahalaşıb, sonra eyni həcmdə dəyər itirib. Bu markadan olan neft dünən axşam saatlarında 56,80 dollara satılıb. Hazırda birjalarda "Brent" nefti 55,68 dollara təklif olunur.

 

WTİ neftinin qiymətində də ciddi bahalaşma, ardınca ucuzlaşma baş verib. Qərbi Texas nefti ötən gün 53,37 dollara qədər bahalaşıb. Hazırda isə 52,66 dollardan təklif olunur. Bu, dünən səhər saatlarında qeydə alınan qiymətlərdən 33 sent bahadır.

 

"Bloomberg"in sorğusuna qatılan iqtisadçılar ABŞ neft ehtiyatlarının bir həftə ərzində 1 milyon barel azalacağını təxmin edirlər. Səudiyyə Ərəbistanının enerji naziri neftə tələbatın gözlənilmədən artdığını, Körfəz ölkələrinin və Rusiyanın hasilatı Vyanada razılaşdıqları miqdardan daha çox azaltması ilə bazarda yenidən tarazlıq yarandığını qeyd edib.

 

OPEK və 11 qeyri-kartel ölkəsinin istehsalı azaltmağa başlaması neftin qiymətlərini artırsa da, qarşıya aşılması mümkün olmayan problem çıxıb. Neftin 55 dollardan baha satılması ABŞ-da neft hasilatını artırmağa şərait yaradır. Bu ölkədə xam neft gələn ay noyabr ayından bu yana ən yüksək səviyyəyə çatacaq.

 

Qeyd olunanlar xam neftin qiymətlərinin tez-tez dəyişməsinə səbəb olacaq. İxrac ölkələrinin arzuladığı stabilliyin uzun sürməyəcəyini təxmin etmək olar.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR