Şəmkirdə dul qadının evinə basqın edənlər tutuldu

Şəmkirdə quldurluq və oğurluqla məşğul edən iki nəfər saxlanılıb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Qaracəmirli kəndində baş verib.

 

İki nəfər maskalı şəxs kənd sakini Ziyafət Ağayevanın evinə girərək qadına soyuq silahla hədə-qorxu gəliblər. Evdə aparılan axtarış nəticə verməyincə, quldurlar gözlərini qadının barmağındakı qızıl üzüyə dikiblər: "Əvvəlcə qapının birini, sonra isə o birini təpiklə vurub açıblar. Vuran kimi bıçaqla üstümə gəldilər. Biri gecə lampasını söndürdü. O biri isə bıçağı boğazıma dirədi ki, pulun yerini de. Dedim, mənim pulum yoxdur. Dedi, onda bəs maşının pulu haradadır. Dedim, hamısını borca vermişəm".

 

Hadisədən sonra cinayət baş verən ünvana Şəmkir Rayon Polis Şöbəsinin Kür bölməsinin əməliyyatçıları gəlib. Zəruri istintaq hərəkətlərindən sonra əməliyyat tədbirlərinə başlayan polis şübhəli kimi Qaracəmirli kənd sakinləri - 24 yaşlı Şəhriyar Quliyevi və 22 yaşlı Tehran Həsənovu saxlayıb. Dindirilən hər iki şəxs törətdikləri cinayəti etiraf ediblər. Şəhriyar Quliyev bildirib ki, quldurluq planı Ziyafət Ağayevanın vəfat edən həyat yoldaşına məxsus avtomobilin satılmasından yaranıb: "İçəri keçib pul və qızıl tələb etdim. Dedi ki, pulum yoxdur. Sonra dedim qızılları ver. O da qızılları vermək istəmədi. Dedi ki, yadigarımdır".

 

Ortağı ilə həmfikir olan Tehran Həsənov isə qadına etdiyi "humanistliyindən" danışıb:  "Üzündən maskasını cırdı. O da balışı üzünə tutdu. O da boğuldu. Balışı götürəndən sonra gördü arvad boğulur. Dedi, mənə su ver. Mən də sobanın üstündən çaydanda su götürüb verdim".

 

Müstəntiq Mehrab Məmmədovun dediyinə görə, araşdırmalar Şəhriyar Quliyevin bir neçə cinayətdə əli olduğunu ortaya çıxarıb: "Quliyev Şəhriyar Bayram oğlu və Həsənov Tehran Zahid oğlu qabaqcadan əlbir olub qrup təşkil edərək Şəmkir rayonunun Qaracəmirli kəndində yaşayan Məmmədov Hilal Yusib oğlunun evinə qanunsuz daxil olub və oradan 1000 manat nəğd pul oğurlayıblar. Bundan başqa, Quliyev Şəhriyar Bayram oğlu 15 dekabr 2016-cı il tarixdə Nağıyev Natiq Namiq oğlu birlikdə Qaracəmirli kənd sakini Vəliyev Azər Zahid oğlunun evinə qanunsuz daxil olub və oradan 920 manat nəğd pulu oğurlayıb".

 

Dəstə üzvlərinin bu ilin sentyabr ayında Qaracəmirli kənd sakini Sübhan İbrahimovun yaşadığı mənzildən 2 min manat dəyərində qızıl zinət əşyaları oğurladığı da ortaya çıxıb. Artıq hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR