"Təfəkkür" Universiteti bağlandı: universitet nazirliyin qərarından xəbərsizdir

Azərbaycanda daha bir universitetin fəaliyyəti dayandırılıb.

 

APA TV-nin xəbərinə görə, Təhsil Nazirliyi  Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin 2016-cı il oktyabr ayının 11-də quruma müraciət edərək, universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirib.

 

Universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alaraq, Təhsil Nazirliyi “Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə işçi qrupunun yaradılması barədə qərar qəbul edib.

 

Təhsil Nazirliyi "Təfəkkür" Universitetinin bağlanması ilə bağlı qərar qəbul edib. Universitetdən Tədris idarəsinin rəisi İlham Musayev isə bildirib ki, bu barədə məlumatsızdırlar: “Biz də xəbəri indi eşitdik. Rektor işdə yoxdur. Mən ona müraciət etmişəm. Aydınlaşdırandan sonra rəsmi məlumat verə bilərik. Yəni bizə rəsmi məlumat gəlməyib. Yayılan xəbərlə əlaqədar bizə rəsmi məlumat gəlməyib”.

 

İlham Musayev maliyyə çətinliyi ilə bağlı məlumatın həqiqətəuyğun olmadığını bildirib: “Bizim maliyyə məsələsi ilə bağlı problemimiz yoxdur. Maaşları vermişik. Başqa problemimiz yoxdur”.

 

Tədris idarəsinin rəisi əlavə edib ki, son zamanlar ali təhsil müəssisəsinin fəaliyyətində heç bir neqativ hal baş verməyib. Onun sözlərinə görə, 2016-cı ilin aprel ayında "Təfəkkür" Universitetinin lisenziyası 5 il müddətinə uzadılıb.

 

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə nazirliyin saytında yerləşdirilən açıqlamadan əlavə heç bir məlumat verə bilməyəcəyini bildirib.

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR