Sabirabadda bədəvi ərəb dəvələri - REPORTAJ

Tarixi İpək Yolunun Azərbaycanın ərazisindən keçməsi ölkəmizdə dəvəçiliyin inkişafına mühüm təsir göstərib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, dəvəçiliyin Azərbaycanda tarixi çox-çox qədimlərə gedib çıxır.


Ölkəmizdə köçəri əhali yaylaqdan qışlağa, qışlaqdan isə yaylağa daşınarkən atlarla bərabər, dəvələrdən də geniş istifadə ediblər. Sovet hakimiyyəti qurulmazdan öncə bu heyvanlardan neft daşınmasında da istifadə olunub.


Respublikamızda  Abşeron, Beyləqan, Bərdə, Biləsuvar rayonlarını dəvəçiliyin mövcud olduğu bölgələri saymaq olar. Gəlirli sahə olduğundan dəvəçilik adı çəkilən regionlarla məhdudlaşmır. 


15 ildir fəaliyyət göstərən Sabirabadda yerləşən gördüyünüz bu dəvəçilik təsərrüfatında hazırda 24 baş ikihürgüclü dəvə saxlanılır. Qismən ərəb səhralarını xatırladan bu quraq ərazidə dəvələr özləri üçün kifayət qədər yem tapa bilir. Dəvələrin ən üstün xüsusiyyətlərindən biri də heç bir heyvanın yemədiyi tikanlı otlarla qidalana bilməsidir.

Heç bir xərc tələb etməyən dəvəçilik təsərrüfatını yaratmaq üçün sadəcə ilkin kapital lazımdır. Birhürgüclü dəvələrdən fərqlənən nadir ikihürgüclü dəvələrin bir çox üstünlükləri olur. İkihürgüclü dəvələr istiyə ən dözümlü heyvan sayılır. Dəvələr bütün vücudunu örtən sıx tüklərin köməyi ilə 70 dərəcə istiyə, 50 dərəcə soyuğa davam gətirə bilirlər.  Yaşlı dəvə gündə 25-30 litr su içir. Amma onlar yeganə canlıdır ki, 10-12 gün susuz da yaşaya bilir. Dəvə yeganə heyvandır ki, dənizin şor suyunu içməklə orqanizminin suya olan tələbatını ödəyir.

O, çox dözümlü heyvandır, 1 ton yükü 90-100 km məsafəyə aparmaq qabiliyyətinə malikdir. Dəvələr günlərlə ac qala bilirlər ki, bu zaman onun köməyinə hürgücləri gəlir. Ac qalan dəvə orqanizminin yaşaması üçün hürgüclərindəki yağı sərf edir.


Dəvənin faydasından isə çox danışmaq olar. Onun əti, südü və hətta sidiyinin müalicəvi xüsusiyətləri var. Bu heyvanın əti kimyəvi tərkibinə görə, mal ətindən zəngindir. Südünün yağlılığı 50 faizdən artıqdır.  Dəvənin əti delikates sayılır. Ondan küftə, kotlet və qutab hazırlamaq mümkündür.  Orta hesabla hər dəvədən ildə 8-10 kq qymətli zərif yun götürmək mümkündür. Hazırda orta çəkili dəvə 4-5 min manata satılır. Hər il Qurban bayramı ərəfəsində təsərrüfatdan qurbanlıq dəvələr alınır. Dəvənin boğazlıq dövrü 13 aydır, balası köşək adlanır.


Dəvələrin ağıllı heyvan adlandırmaq olar. Ağıllı olduqları qədər də kinli olurlar.

Sahibi yanında olmayan səhrada yem axtaran dəvə 10-15 km məsafə qət etdikdən sonra saxlanıldığı yerə qayıtmaqda çətinlik çəkmir.   


Ərəblərin gözəllik simvolu olan dəvəyə ərəb dilində "camal" (ingilscə “Camel”) deyilir.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR