“Separatçıların KVN-də iştirakına yox” kampaniyası başladı
10-23 yanvar tarixləri arasında Soçidə KVN komandalarının iştirakı ilə "KiViN 2017" adlı festival keçiriləcək.
APA TV-nin məlumatına görə, festivala daimi iştirakçılarla yanaşı, həm də Dağlıq Qarabağdakı separatçı rejimi təmsil edən "Duzla-çörəklə" adlı komanda da dəvət olunub.
İşğalçı rejimin komandası KVN yarışlarının rəhbəri Aleksandr Maslyakovun dəvət məktubunu özlərinin "Facebook" səhifəsində paylaşıb.
Məsələyə Azərbaycan ictimaiyyəti dərhal reaksiya verib. "Azvision.az" saytının baş redaktoru Vüsal Məmmədov sosial şəbəkədə ictimai etiraz kampaniyasına başlayıb. Bəyanatın mətnində Rusiyanın "KVN" liqası tərəfindən separatçı rejimin dəstəklənməsinə yönəlmiş addımlar qəti şəkildə pislənilir və ölkəmizə qarşı növbəti təxribat olaraq qiymətləndirilir.
Vüsal Məmmədov APA TV-yə açıqlamasında bu kampaniyanın əsas hədəflərini açıqlayıb: "Mənə elə gəlir ki, bu hansısa bir siyasi təbliğat xarakterli, pərdəarxasında erməni maliyyəsinin də ola bilsin təsiri olan bir addımdır. Böyük ehtimalla Azərbaycana diplomatik müstəvidə, siyasi müstəvidə, hərbi müstəvidə güc göstərə bilməyən Ermənistan bu cür mədəni müstəvidə, yəni yumşaq güc sferasında bizə qalib gəlmək üçün həmlələr edir".
Bu kampaniyanın verəcəyi effektə də toxunan baş redaktor deyib ki, real nəticə üçün ictimai etiraz marafonunun miqyasının genişlənməsi olduqca vacibdir.
Vaxtilə ölkəmizi KVN-in yuxarı liqasında təmsil edərək, "XX əsrin çempionu" olmuş "Parni iz Baku" komandasının üzvü Tahir İmanov da bu məsələni təsadüfi addım hesab etmir: "Biz "Parni iz Baku" KVN komandası olaraq hələ illər öncə bununla bağlı rəsmi olaraq öz etirazımızı bildirmişdik. Oradan bilirsiz hansı cavablar gəlib? "KVN və siyasət ayrı-ayrı şeylərdir. Biz siyasətə qarışmırıq" və s. Əgər 90-cı illərin ortasında oraya İçkeriya Çeçen Respublikasının komandası gəlsəydi, onda necə, KVN siyasətdən kənar olardı, ya yox?"
Tahir İmanov ölkəmizi bu yarışmada təmsil edəcək komanda üzvlərinin məsələyə soyuq münasbətindən də gileylənib: "İlk növbədə bu işə birbaşa aidiyyəti olan KVN komandasının ən azı nümayəndələrini biz eşitməliyik. Çünki onların kapitanı indiyə kimi heç bəyanat da verməyib. Üç ildir onlar gedirlər ora və üç ildir həmin komanda ilə üz-üzə gəlirlər. Siz necə qondarma respublikanın komandası ilə bir səhnədə durursunuz? Biz susuruq, o deməkdir ki, siz də susmalısınız?"
Baş verənlərə münasibət öyrənmək üçün gün ərzində dəfələrlə yarışmanın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Darya Şpenkova ilə əlaqə saxlasaq da, zənglərimizə cavab vermədi. Sonra isə ümumiyyətlə, telefonu söndürdü.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı