Ev almaq üçün qoyun oğurladı

Şəmkirdə qoyun oğruları saxlanılıb. APA TV-nin qərb bürosunun məlumatına görə, Şəmkirin Dağ-Cəyir kənd sakini ev almaq üçün dostu ilə birlikdə qonşusunun qoyunlarına qənim kəsilib.

 

Şəmkir sakini, 29 yaşlı Vüqar Lələyevlə dostu, 21 yaşlı Gədəbəy sakini Elvin Məmmədovla Dağ Cəyir kəndində oğurluq planını uğurla yerinə yetiriblər. Onlar Vəkil Allahverənova məxsus tövlədən 15 baş xırda buynuzlu davarları gizli yolla ələ keçiriblər. Dostlar Allahverənova məxsus tövlədə itin olacağından ehtiyatlanaraq, xüsusi ustalıq nümayiş etdiriblər.

 

Saxlanılan Elvin Məmmədov hadisəni belə təsvir edib: "Dağ-Cəyir kəndinə getdik. Kəndin baş tərəfindən gələndə Vüqarın iti üstümüzə cumdu. Yekə qızıl it idi. Vüqar "ay it, sahibini tanımırsanmı" deyərək iti qovaladı. Oradan heyvan olan yerə gəldik. Mən qorxdum, girmədim. Birinci Vüqar girdi. Pişt-pişt elədi ki, görüm it varmı. Orda it yox idi. Məni də çağırdı, getdim Vüqarın yanına, tövlənin qabağına".

 

Saxlanılan Vüqar Lələyev də həmkəndlisinin qoyunlarına qənim kəsildiyini etiraf edib. O bildirib ki, niyyəti qoyunları satıb ev almaq olub: "Gətirdim Yeni Həyat kəndinin üstündəki işlədiyimiz yatağa. Bu getdi müştəri tapmağa".

 

Zərərçəkən isə hadisədən gecə saatlarında xəbər tutub. Tövləyə baxış keçirməyə gedən Vəkil Allahverənov oranı boş görəndə gözlərinə inanmayıb. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları çağırılıb: "Gedib tövləyə baxanda gördüm ki, qoyunlar yoxdur. 15 baş heyvanımı aparıblar. Dərhal polislərə zəng vurdum".

 

Hazırda Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları çobanların başqa kimlərin mal-qarasını oğurladığını araşdırır. Faktla bağlı cinayət işi açılıb.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR