Səudiyyə və Küveyt hasilatı azaltdı, Çin daha çox neft almağa başladı

OPEK ölkələrinin dünən açıqladığı hesabatlar neftin qiymətinə pozitiv təsir göstərib.

 

APA TV-nin xəbərinə görə, Səudiyyə Ərəbistanının  energetika naziri Abu-Dabidə keçirdiyi mətbuat konfransında ölkəsinin gündəlik hasilatı 10 milyon barel səviyyəsinə saldığını açıqlayıb.

 

Küveytin neft naziri isə sutkalıq hasilatı 133 min barel azaldaraq 2,7 milyon səviyyəsində saxladıqlarını deyib. Bu açıqlamalardan sonra neft sürətlə bahalaşmağa başlayıb. Birjalarda “Brent” markalı neftin bir bareli 56,41 dollardan, WTİ nefti isə 53,47 dollardan təklif olunur. Səhər senaslarında bu rəqəm bir qədər aşağı düşsə də, qiymətlərdə artım tendensiyası qalxmaqdadır.

 

Birjaların OPEK ölkələri rəsmilərinin açıqlamalarına bu cür reaksiyası kartel daxilində əldə olunan razılaşmanın yerinə yetirilmə ehtimalının artması ilə bağlıdır. Əldə olunan razılaşmaya əməl olunsa, bazarda neft təklifinin təxminən 2 faiz azalacağı gözlənilir.

 

Bundan başqa Çin iqtisadiyyatının durumunun normallaşmasına dair ilk işarələr də neftin qiymətini artıran amil sayılır. Dekabr ayında Çin rekord miqdarda - gündəlik 8,56 milyon barel neft satın alıb. Treyderlər Çinin alıcılıq qabiliyyətinin 2017-ci ildə daha da artacağını proqnozlaşdırırlar. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR