Novxanıda hasar qalmaqalı: hamı yaxasını kənara çəkir - REPORTAJ

Yeni tikilməkdə olan Novxanı-Pirşağı avtomobil yolu bu qəsəbələrdə yaşayan sakinlərin sevincinə səbəb olub. Amma sevinməyənlər də var.

 

Sevinməyənlərdən biri vətəndaş Dadaş Qarayevdir. Yolun çəkilişinə başlanandan sonra ona məxsus olan 12 sot torpaq sahəsinin hasarı sökülüb, dəmir qapısı yerindən çıxarılıb, ərazidə olan tikinti materialları isə yoxa çıxıb.

 

Zərərçəkmiş artıq iki həftədən çoxdur "Azəravtoyol" ASC və Binəqədi RİH ilə əlaqə saxlasa da, bu qurumlar ona tutarlı cavab vermirlər. Dedikləri söz isə bu olub: "Əlinizdə olan çıxarış qanunidir, lakin 12 sot torpaq sahəsinin bir hissəsi magistral yola düşür. Gözləyin, yaxın vaxtlarda sizə cavab veriləcək". Dadaş Qarayev də digər çıxarışı olan şəxslər kimi gözləyir, amma nəyi və kimi gözlədiyini bilmir: "Gəldim gördüm ki, hasarımı uçurdublar. Getdim icra hakimiyyətinə, dedilər yol çəkilir. Getdim "Azəravtoyol"a, deyirlər biz yalnız əlimizdə olan sənədlə yol çəkirik. Lazımdırsa, rəsmi müraciət edin, sizə məlumat verək. Əslində bizim ərazimiz  heç yola düşmür, lakin onun da hasarı sökülüb".

 

Çəkiliş apardığımız zaman Dadaş Qarayevə məxsus torpaq sahəsinin yoldan 20-30 metr aralıda olduğu açıq-aşkar görünürdü. Sökülən isə təkcə onun hasarı deyil. Hazırda 73  nəfər onlara xəbərdarlıq olunmadan hasarlarının uçurulmasının səbəbini və dəymiş ziyanın kim tərəfindən ödəniləcəyini öyrənmək istəyir.

 

18 sot torpaq sahəsinə əlində çıxarışı olan digər zərərçəkən Rövşən Qarayevə isə "Azəravtoyol" ASC-dən bildiriblər ki, sahil boyu 12.7 km uzunluğunda yeni avtomobil yolunun inşasına start verilib və tikinti işləri müvafiq İcra Hakimiyyətinin verdiyi yol  sənədi üzrə aparılır: "Vətəndaşların əlində çıxarış varsa, məsələnin həlli və ya kompensasiyanın verilib-verilməməsi İcra Hakimiyyətinin səlahiyyətindədir". sitatın sonu.

Əks tərəfin mövqeyini öyrənmək üçün şikayətçilərin bir qismi ilə Binəqədi RİH-ə yollandıq. Qeydiyyata alınsaq da, təsərrüfat şöbəsinin müdiri Elşad Rəhimovla görüşə yalnız vətəndaşların buraxılacağını dedilər. Bir saat davam edən görüşün nəticəsi isə belə oldu: "Dedilər ki, bağların sökülməsi ilə bağlı heç bir xəbərimiz yoxdur. Bu iş bizim icraatda deyil. Gedin tikintini aparan "Azəravtoyol"a. "Azəravtoyol" isə deyir ki, kompensasiya İH-nin səlahiyyətindədir, biz yalnız yol çəkirik. Burada isə deyirlər gedin verin polisə, görün, kim söküb".

 

Məsələni dəqiqləşdirmək üçün Azəravtoyol ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Anar Nəcəfli yuxarıda sadalanan fikirləri təsdiqləyərək, kompensasiya məsələsinə yerli İH orqanının baxmalı olduğunu dedi: "Vətəndaşların əlində qanuni çıxarış varsa, yerli icra hakimiyyətinə müraciət etməlidirlər. Biz eskiz layihəyə uyğun olaraq yol çəkilişi ilə məşğuluq".

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR