DİN Mehman Hüseynovla bağlı Baş Prokurorluq qarşısında vəsatət qaldırdı

Daxili İşlər Nazirliyi bloqer Mehman Hüseynovla bağlı Baş Prokurorluq qarşısında vəsatət qaldırıb. APA TV-nin məlumatına görə, nazirliyin rəsmi məlumatında belə qeyd olunur.

Məlumata görə, bu il yanvarın 9-da saat 19:45 radələrində Bakının Nəsimi rayonunun Mərdanov Qardaşları və Həzi Aslanov küçələrinin kəsişməsində iki nəfər ətrafdakılara hörmətsizlik ifadə edən hərəkətlərə yol verdiyi barədə post-patrul əməkdaşlarına xəbər verilib.

Polis əməkdaşları da həmin şəxsləri nizam-intizama dəvət eləyib. Amma onlar polisin tələbinə tabe olmayıblar.

Rayon polis idarəsinə gətirilən bu şəxslərin Bakı sakinləri Mehman Hüseynov və Əkrəm Təhməzov olduqları müəyyənləşib. Onlar barədə İnzibati Xətalar Məcəlləsinə əsasən tutma tətbiq olunub. Yanvarın 10-da isə onlar barəsində polisin qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə protokol tərtib edilib və toplanmış materiallarla birlikdə məhkəməyə göndərilib. Məhkəmə Əkrəm Təhməzovu 10 gün inzibati qaydada həbs edib, Mehman Hüseynovu isə 200 manat cərimələyib.

Amma Mehman mediaya açıqlamasında polisin onu oğurladığını, azadlığının qanunsuz məhdudlaşdırdığını və işgəncə verdiyini qeyd edib.

Nazirlik isə bunun polisin işgüzar nüfuzuna xələl gətirən əsassız iddialar olduğunu bildirib. Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməsinə hüquqi qiymət verilməsi üçün DİN Baş Prokurorluq qarşısında vəsatət qaldırıb.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR