Neft Fondundan transfertlərin nəticəsi nə olacaq? - AÇIQLAMA
Bu il Azərbaycan Dövlət Neft Fondunun büdcəsindən Mərkəzi Banka ümumilikdə 7,5 milyard manatadək məbləğdə vəsaitin transfert olunması nəzərdə tutulur.
APA TV-nin məlumatına görə, bu müddəa prezident İlham Əliyevin 10 yanvar 2017-ci il tarixində imzaladığı Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında fərmanda öz əksini tapıb.
Sənədə əsasən, sözügedən vəsait Mərkəzi Banka makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə veriləcək.
"Ekonomist" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin rəhbəri Fikrət Yusifov hesab edir ki, büdcəyə vəsait transferti qərarı ilk növbədə milli valyutanın sabitliyinə istiqamətlənib: "Bu, prosesin müəyyən qədər tənzimlənməsi, manatın sabitliyinin bərqərar edilməsi nöqteyi-nəzərindən atılan bir addımdır. Hesab edirəm ki, təqdirəlayiq bir addımdır. Bu imkan verəcək ki, Mərkəzi Bank özünün müəyyən müdaxilələri, maliyyə dəstəyi formasında manatın məzənnəsinin sabitliyini təmin etməyə yönələn addımlar ata bilsin".
Fikrət Yusifov hazırkı durumda Mərkəzi Bankın malik olduğu 4 milyard manat həcmində valyuta ehtiyatlarının maliyyə bazarında sabitliyin təminatı baxımından azlıq təşkil etdiyini düşünür.
Ekspert Samir Əliyev isə hesab edir ki, Mərkəzi Bankın bazara yönəltdiyi vəsaitlər bilavasitə Neft Fondunun kapitalıdır: "Çox təəssüf ki, bu gün ölkəyə valyuta çox məhdud kanallarla gəlir. Buna görə də Azərbaycanda üzən məzənnəyə keçid tam mümkün deyil".
Samir Əliyev ayrılacaq sözügedən vəsaitin ayrılma məqsədləri və yönəldiləcəyi sahələr barədə də danışıb: "Bunun bir neçə məqsədləri olacaq. Xüsusən də xarici borcların ödənilməsi. Qeyd edim ki, Mərkəzi Bankın 2017-ci il üzrə bəyanatında bu xüsusilə vurğulanırdı ki, cari ildə xarici borcların qaytarılması ilə bağlı problemlər olacaq. Bu da manatın məzənnəsində problemlər yarada bilər. Məhz bu baxımdan bu vəsait xarici borcların ödənilməsinə yönələcək. Hərraclarda zərurət olduğu halda, Mərkəzi Bank həmin vəsaitdən istifadə etməklə tələbatın ödənilməsinə çalışacaq. 4,2 milyard hesablayanda təxminən aya 350-400 milyon vəsait edir. Göründüyü kimi bu vəsait məhz yaranan kəsirin örtülməsinə yönələcək. Təbii bunun müsbət tərəfi o olacaq ki, "qara bazar", dollar qıtlığı aradan qalxacaq. Hansı ki, həm xarici turistlər, həm də yerli sakinlər bundan əziyyət çəkirdi. Həm dollar qıtlığı aradan qalxacaq, həm də manatın sabitliyi təmin olunacaq".
Ekspertin qənaətincə, milli valyutanın davamlı təzyiq altında qalmaması üçün ölkədən kapital axınının qarşısı alınmalıdır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı