Şəmkirdə evdən oğurluq edən Gəncə sakinləri tutuldu
"Evə gələndə gördük ki televizorun altındakı şkafı bütün yerə töküblər. Oradan bir çox qiymətli əşyalar götürüblər. O biri otaqdan isə 1830 manat nəğd pul oğurlayıblar".
Şəmkirin Abbaslı kənd sakini Elmixan Əhmədovun evindən oğurluq edilib. APA TV-nin qərb bürosunun xəbərinə görə, evini təmir etdirmək üçün inşaat materialları almağa gedən Əhmədovlar ailəsi geri dönəndə evlərinin talandığını görüb.
Zərərçəkənin müraciəti əsasında əməliyyat tədbirlərinə başlayan Şəmkir polisi oğruların kimliyini müəyyən edə bilib. Müstəntiq Mehrab Məmmədov bildirib ki, Elmixan Əhmədovun evinə qanunsuz olaraq daxil olanlar Gəncə sakinləridir: "Faktla bağlı tərəfimdən cinayət işi başlanaraq istintaq aparılıb. Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət törədən şəxslərin 1985-ci il təvəllüdlü Cəfərov Qüdrət Qasım oğlu və Musayev Nurlan Araz oğlu olması müəyyən edilib. Hər iki şəxs saxlanaraq istintaqa təqdim olunub".
Saxlanılan şəxslər ilkin ifadələri zamanı oğurluq etdiklərini etiraf ediblər. Əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayan Qüdrət Cəfərov Abbaslı kəndinə xirnik yığmaq üçün gəldiklərini deyib. Ancaq kənddə çatdıqda qapılardan birinin bağlı olması onların ağac başına çıxmaqdan yayındırıb: "Yolun kənarında bir ev gördük, kilidlənmişdi. Girdim evə, əşyaları götürdüm. Yoldaşım isə gözətçi durdu ki, gələn olsa, xəbər etsin".
Oğurluğun digər iştirakçısı Nurlan Musayev də dostunun dediklərini təsdiqləyib. O, cinayətdə gözətçi kimi iştirak edib. Əldə etdikləri qəniməti isə dədə malı kimi öz aralarında bölüblər: "Məhlənin arxasından keçdik. Evin arxasında mən durdum, o içəri keçdi. Mən pəncərənin yanında onu gözlədim".
İstintaq yolu ilə o da məlum olub ki, bu, Qüdrət Cəfərov və Nurlan Musayevin ilk və son əməli deyil. Gənclər buna qədər Şəmkirlə yanaşı, ətraf şəhər və rayonlarda da silsilə xarakterli oxşar oğurluqlar törədiblər. Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı