Prezident İlham Əliyev Naxçıvanda səfərdə olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfər edib. Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşılayıb. Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşüb.
Prezident İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib. Məlumat verilib ki, inşa ediləcək Su Elektrik Stansiyasının gücü 36 meqavat olacaq. Derivasiya tipli stansiya Araz çayı üzərində yerləşəcək. Stansiya üçün tutumu 1,5 milyon kubmetr olan su anbarı inşa olunacaq.
Dövlət başçısı yeni stansiyanın təməlini qoyub.
Culfa rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimi keçirilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib. Layihə çərçivəsində Əlincəçay yatağında 2088 metr müxtəlif diametrli borularla kaptaj və onu sel sularından qorumaq üçün uzunluğu 1500 metr olan selyönəldici bənd tikilib. Sutəmizləyici qurğu 2045-ci ilə qədər əhalini və sənaye sahəsini gün ərzində 24 saat ekoloji cəhətdən təmiz su ilə təchiz edəcək. Qurğu gün ərzində 10 min 800 kubmetr və ya saniyədə 125 litr sutəmizləmə gücünə malikdir. Hər birinin tutumu 5000 kubmetr olan iki təmiz su anbarı tikilib.
Prezident İlham Əliyev Naxçıvanda Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa olunmuş yaşayış binasının açılışında da iştirak edib. Məlumat verilib ki, zirzəmi qatı ilə birlikdə yeddimərtəbəli yaşayış binasında 48 mənzil var. Onlardan 24-ü ikiotaqlı, 24-ü üçotaqlıdır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılışında iştirak edib. Məlumat verilib ki, burada əsgər yataqxanası, Əsgəri-Məişət Kompleksi inşa olunub, sıra meydanı, idman sahəsi yaradılıb, abadlıq-quruculuq işləri aparılıb. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əsgər yataqxanasında yaradılan şəraitlə tanış olub. 900 yerlik yataqxanada əsgərlərin istirahəti üçün hərtərəfli şərait var. Üçmərtəbəli bina müasir səviyyədə yaradılıb. Ümumi sahəsi 4 min kvadratmetr olan yataqxana bütün zəruri avadanlıqla təchiz edilib. Binada ümumi sahəsi 800 kvadratmetr olan 24 otaq var.
Azərbaycan prezidenti Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Şahbuz rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimində iştirak edib. Bildirilib ki, layihə üzrə tikinti işlərinin icrasına 2012-ci ildə başlanılıb. Layihəyə əsasən Şahbuz şəhərinə, Kiçikoba və Daylaqlı kəndlərinə su şəbəkəsi, Şahbuz şəhərinə kanalizasiya şəbəkəsi çəkilib və ev birləşmələri aparılıb. Sutəmizləyici qurğu 2045-ci ilə qədər əhalini və sənaye sahəsini gün ərzində 24 saat ekoloji cəhətdən təmiz su ilə təchiz edəcək. Qurğu gün ərzində 6 min 600 kubmetr və ya saniyədə 76 litr sutəmizləmə gücünə malikdir.
Yanvarın 11-də Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib. Qeyd edilib ki, Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbi 1939-cu ildən fəaliyyət göstərir. 600 şagird yerlik məktəbdə beşi elektron lövhəli olmaqla 32 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, iki kompüter otağı, müəllimlər otağı, şahmat otağı, kitabxana, bufet və idman zalı fəaliyyət göstərəcək. Məktəbdə 42 kompüter quraşdırılıb və internetə qoşulub. Məktəbin kitabxana fondunda 6900 dərslik və 4603 bədii ədəbiyyat olmaqla 11503 kitab var. Məktəbdə 460 şagirdin təhsili ilə 59 müəllim məşğul olur.
Bununla da prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı