Prezident İlham Əliyev: “Naxçıvan ordusu istənilən vəzifəni icra etməyə hazırdır”

“Naxçıvanın hərbi potensialı  lazımi səviyyədədir. Biz bu istiqamətdə böyük iş aparmışıq və bu gün də aparırıq”. APA TV-nin məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Naxçıvanda 3 nömrəli rus məktəbin pedaqoji kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

 

Dövlət başçısı qeyd edib ki, Naxçıvanın hərbi potensialı və müdafiə qabiliyyəti daim diqqət mərkəzindədir:

 

“Bu gün Naxçıvan ordusu istənilən vəzifəni icra etməyə hazırdır, öz sərhədlərini qoruyur və siz burada düşmənlə üz-üzə yaşayırsınız, cəsarətlə yaşayırsınız, rəşadət göstərirsiniz və göstərmisiniz. 1990-cı illərin əvvəllərində Heydər Əliyevin rəhbərliyi ilə naxçıvanlılar öz diyarını qoruya bildilər, düşməni yerinə oturtdular. Bu gün Naxçıvanın hərbi potensialı ən yüksək səviyyədədir. Bu gün olduğum hərbi hissədə ən yüksək şərait yaradılıb”.

 

Prezident İlham Əliyev bildirib ki, respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı çox önəmli addımlar atılır. “Naxçıvanda sənaye müəssisələri yaradılır, kənd təsərrüfatı inkişaf edir. O cümlədən inşaat materialları sektoru inkişaf edir. Bu gün Fövqəladə Hallar Nazirliyi üçün tikilmiş yaşayış binasında olmuşam və orada da, bu məktəbdə də istifadə olunan materialların demək olar ki, hamısı yerli məhsullardır. Bu, onu göstərir ki, sənaye də inkişaf edir, yeni müəssisələr yaradılır və Naxçıvanın ixrac potensialı da artır və artmalıdır”.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR