Göyçayda iki əmioğlu digər əmioğlunun inəklərini oğurladı

Göyçay rayonunda baş verən oğurluq hadisəsinin üstü isti izlərlə açılıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Ləkçiplaq kəndində qeydə alınıb.

 

Kənd sakinləri olan iki əmioğlu - Abdullayev Vüsal Front oğlu və Abdullayev Yaqub Tahir oğlu əlbir olaraq başqa əmioğluları və yaxın qonşuları olan Abdullayev Sənan Süleyman oğluna məxsus tövləyə gecə saatlarında gizli yolla daxil olaraq, oradan 3 baş iri buynuzlu heyvanı oğurlayıblar. Onlar oğurladıqları heyvanları “QAZel” markalı yük avtomobili ilə Ağdaş rayonunun Aral kəndinə apararaq, mal-qara alveri ilə məşğul olan Samir Sadıqov və Sərxan Quliyevə 1550 manat pul müqabilində satıblar.

 

Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlanan mal-qaranın yeri Aral kəndində isti izlərlə müəyyən edilib. Mal-qara Samir Sadıqovun həyətində diri şəkildə aşkar edilib.

 

İnəkləri alan Sərxan Quliyevin atası Ayaz Quliyev APA TV-yə bildirib ki, oğrular inəkləri Aral kəndinə gətirərək ona öz heyvanları kimi təqdim ediblər və guya kredit borcları olduğuna görə satdıqlarını deyiblər.

 

Heyvanları oğurlayaraq satan şəxslər qaçıb gizlənib. Hazırda onların tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri görülür.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR