Masallıda idman dərsində faciə: məktəblinin başına boru düşdü

Masallıda 9-cu sinif şagirdi orta məktəbin idman zalında futbol oynayarkən başına boru düşməsi nəticəsində ağır xəsarət alıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 12:30 radələrində Masallı rayonunun 4 saylı Digah tam orta məktəbində baş verib.

Məktəbin 16 yaşlı şagirdi Əkbər Elman oğlu Ramazanov idman zalında oynayarkən ciddi xəsarət alıb. Yaxınlarının verdiyi məlumata görə, məktəblinin xəsarət almasına səbəb idman zalında futbol oynamaq üçün nəzərdə tutulan qapının üstündəki borunun onun baş nahiyəsinə düşməsi olub.

Baş nahiyəsindən ciddi xəsarət alan məktəbli dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin müayinə zamanı Əkbər Ramazanovda kəllə-beyin travması, baş beynin əzilməsi, komotoz vəziyyət və soltərəfli təpə-gicgah sümüyünün sınığı diaqnozu qoyulub.

Hazırda məktəblinin vəziyyəti ağır qiymətləndirilir. Onun vəziyyətinin kritik olduğu nəzərə alınaraq xəstəxanaya paytaxt Bakıdan həkim dəvət olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR