Dilənərək ailə saxlayan əlilə deputatdan dəstək - AÇIQLAMA

Ötən gün Suraxanı rayonu Əmircan qəsəbəsi Tahir Bağırov küçəsində yaşayan ailə haqqında APA TV-də yayımlanan süjetə Suraxanı Rayon İcra Hakimiyyəti və Milli Məclisin Suraxanı rayonundan deputatı Ağacan Əbiyevdən reaksiya gəlib.

 

APA TV-nin xəbərinə görə, bu gün millət vəkili və Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavinləri 25 yaşlı Həmdulla Əliyevin ailəsinin yaşadığı ünvana baş çəkib, onların durumu ilə maraqlanıblar.

 

Millət vəkili Ağacan Əbiyev APA TV-yə açıqlamasında qeyd edib ki, məsələ ilə bağlı müvafiq tədbirlər görüləcək. Deputat ailəyə maddi yardım edib, ailənin əmək qabiliyyətli üzvlərinin işlə təmin olunmasına yardımçı olacağını vəd edib. Onun sözlərinə görə, ailənin yaşadığı sosial problemlər ƏƏSMN-in də diqqətinə çatdırılacaq. Həmdulla Əliyevin ailəsinə sosial yardım verilməsi məsələsi ilə bağlı icra hakimiyyəti ilə birgə müvafiq addımlar atılacaq: "Bu gün ailəyə baş çəkdik. İcra hakimiyyətinin nümayəndələri ilə birgə həmin ünvanda olduq. Əliyevlər ailəsinin durumu olduqca çətindir. Ailə üzləri ilə görüşüb söhbət etdim, çalışacağıq ki, əlimizdən gələn köməkliyi göstərib onların maddi durumunun yaxşılaşmasına, o cümlədən işlə təmin olunmasına yardımçı olaq".

 

Suraxanı Rayon İcra Hakimiyyətinin sözçüsü Bərxudar Bərxudarov isə bildirib ki, qurumun nümayəndələri bu gün adı çəkilən ünvana baş çəkib, vəziyyətlə yerindəcə tanış olublar: "Əliyevlər ailəsinin yaşadığı sosial problemlər İcra Hakimiyyətinin diqqətindədir. Problemin həll olunması üçün ailəyə müvafiq  yardım göstəriləcək".

 

Mövzunu nəzarətdə saxlayacağıq. 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR