İran səfiri: "Rəfsəncani öz şəxsi təyyarəsini Heydər Əliyevin arxasınca yollamışdı"
“Əli Əkbər Haşimi Rəfsəncaninin prezidentliyi dövründə İran və Azərbaycan arasında güclü əlaqələr başlayıb”.
APA TV-nin xəbərinə görə, bu fikirləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə İran səfirliyində Rəfsəncaninin xatirə kitabının açılması ilə əlaqədar verdiyi açıqlamada səsləndirib.
O qeyd edib ki, Rəfsəncaninin Azərbaycanın mərhum prezidenti Heydər Əliyevlə çox yaxşı münasibətləri olub: "O zaman Naxçıvanda xalq təzyiq və problemlə üz-üzə qalanda Rəfsəncani yardımlar etmişdi. Hətta öz şəxsi təyyarəsini Heydər Əliyevi İrana aparmaq üçün yollamışdı ki, birlikdə Azərbaycanı çətin vəziyyətdən çıxarmağın yollarını müzakirə etsinlər. Dağlıq Qarabağ müharibəsi zamanı da cənab Rəfsəncani regionda sülh və barışı bərpa etmək üçün çox səylər göstərdi”.
Səfir həmçinin Rəfsəncaninin vəfatı ilə əlaqədar Azərbaycan nümayəndə heyətinin İrana gedəcəyi və Azərbaycan hökuməti adından başsağlığını çatdıracağı ilə bağlı məlumat verib.
Cavad Cahangirzadə Azərbaycan-İran münasibətlərinin gündən-günə inkişaf etdiyini də sözlərinə əlavə edib: “Biz qardaş ölkə olaraq hər zaman bir-birimizin yanındayıq, dərdimizə şərikik. Bu qardaşlığın hər zaman inkişaf etməsini istəyirik”.
Qeyd edək ki, İranın keçmiş prezidenti Əli Əkbər Haşımi Rəfsəncani yanvarın 8-də ürəyində yaranan problemlər səbəbindən yerləşdirildiyi xəstəxanada vəfat edib. Bu münasibətlə səfirlikdə açılan xatirə kitabını səfir Cavad Cahangirzadə, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev imzalayıblar.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı