İran əlavə neft satışı həyata keçirdi, qiymətlər ucuzlaşır

Həftənin ilk birja günündə neft yenidən ucuzlaşmağa başlayıb. APA TV-nin xəbərinə görə, bazar iştirakçılarını narahat edən məqam yenə də OPEK daxilində razılaşmaya əməl olunacağına şübhələr yaranması və ABŞ-da şist neftinin hasilatının artmasıdır.

 

Dünən günorta saatlarında “Brent” neftinin bir bareli 56,14 dollardan satılıb, Qərbi Texas nefti isə 53,23 dollardan təklif olunub. Bu səhər qiymətlər müvafiq olaraq 55,13 və 52,13 dollara kimi geriləyib. Ümumilikdə hər iki neft markası gün ərzində 2 faizədək ucuzlaşıb.


Xatırladaq ki, OPEK üzvləri və kartelə daxil olmayan bəzi neft hasilatçısı ölkələr yanvarın 1-dən gündəlik hasilatı 1,8 milyon barel azaltmaq barədə razılıq əldə ediblər. Hələlik hasilatın real olaraq nə qədər azaldığı və razılaşma tələblərindən azad edilən İran, Liviya və Nigeriya kimi dövlətlərdə hasilat səviyyəsi ilə bağlı real durum məlum deyil.

 

Neft hasilatını sanksiyalara qədərki səviyyədə azaltmağa razılıq verən İran qəfildən neft satışının həcmini artırıb. Dünən İran tərəfi dəniz tankerlərində saxlanan 13 milyon xam neftin satışını həyata keçiriblər.

 

Qiymətlərin yüksək olması ABŞ-da isə şist neftinin hasilatını sürətləndirib. "Baker Hughes" şirkətinin açıqlamalarına görə, ölkədə şist qazma qurğularının sayı 2015-ci ilin dekabrından bu yana ən yüksək həddə çatıb. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR