Dilənməklə 12 nəfərlik ailəni saxlayan əlilin dramı - REPORTAJ
Başıaçıq, ayaqyalın... Hər səhər 8-ci km bazarının yanında dayanaraq ona yardım edilməsini gözləyir. Həmdullanın 25 yaşı olsa da, qayğıları onu yaşından xeyli böyük göstərir.
O, həm də ikinci qrup əlildir. Deyir ki, burada dayanıb yardım gözləməyə məcburdur, çünki onu evdə gözləyən xəstə anası, bacısı və qohumları var: "Ağır şikəstim var, anam xəstədir, bacım da xəstədir, ürəyi xəstədir. Dayım oğlu da ağır şikəstdir. Onurğa sümüyü sınıb, gəzə bilmir. Vəziyyət ağır olduğundan, mən də burda dost-tanış canları sağ olsun, 1-2 manat yardım edirlər. 55 manat pul alıram əlilliyimə görə, onu da xəstələrə xərcləyirəm. Qabaq işləyirdim, indi gücüm çatmır. Ayağıma görə çox əziyyət çəkirəm. Bu şəkildəki də dayım oğludur, onurğa sümüyü sınıb, yorğan-döşəkdədir. Gündə qazandığımız 3-4 manat onun iynə dərmanına gedir".
Həmdulla deyir ki, onu fırıldaqçılıqda günahlandırırlar. Bizə danışdıqlarını sübut etmək üçün təkid etdi ki, onunla evlərinə, yaşadığı Əmircan qəsəbəsinə gedək. Həmdullanın yaşadığı evi və ailəsini görmək üçün onunla birgə qəsəbəyə yollandıq. Gördüyümüz mənzərə bizi dəhşətə gətirdi. 12 nəfər ailə iki otaqlı balaca daxmada qalır. Həmdullanın atası rəhmətə gedib. Bu qədər külfətə isə o özü tək baxır. Anası Mehbarə Salmanova birinci qrup əlildir. 6 övladı var qadının. Uşaqların əksəriyyəti də fiziki qüsurludur: "Balalarım da şikəstdir. Ruhi xəstə olmaqlarına görə qrupları var. Mənim qardaşım oğlu şikəstdir, yorğan-döşəkdən dura bilmir. Xahiş edirəm bizə kömək etsinlər, biz yemək belə tapa bilmirik. 12 baş ailə bir otaqdayıq. Bacım da rəhmətə gedib, 43 yaşında. Onun da iki övladına mən baxıram. Nə qapımız var, nə pəncərəmiz. Baxın, yorğan-döşəyimiz, heç nəyimiz yoxdur. O, 3-5 manat götürüb gəlir, dolandırır bizi. Həm iynə-dərman alır, dərmanlarımı alammıram, özüm də astmayam. Bilmirik evə yemək alaq, ya dərman. Hansı ana istəyər ki, övladı ayaqyalın dayansın, ya əl açsın kiməsə? Mən sırf təmiz bakılıyam, yəni qaraçı milləti deyiləm. Mən şikəst qalmağıma görə, qardaşım oğlu şikəst qalmağına görə o bizi dolandırır. Nə olar, kömək eləsinlər. Mən istəmirəm mənim uşağım gedib dayansın haradasa, əl açsın - mən onu istəmirəm. Mənim namusum-qeyrətim qəbul eləmir. Bu da mənim qızımdır, ikinci qrup əlildir. Bir gözü şikəstdir, ürəyi də xəstədir".
Mehbarə xanımın digər qızının isə 3 uşağı var, əri atıb getdiyinə görə o da ata evində qalır: "Qızımın 3 uşağı var, sosial yardım vermirlər. Yoldaşı da atıb çıxıb gedib. Ona da biz baxırıq. Hamımıza Həmdulla baxır. O, bir gün evə çörək gətirməsə, biz acından ölərik. Hələ Həmdullanı da qınayırlar ki, belə edir, elə edir. Yalan deyir, "afiristlik" edir, adamları aldadır, belə pul qazanırlar. Sizə də qurban olum, gəlib çıxmısınız, bizim vəziyyətimiz görürsünüz biz nə gündə yaşayırıq".
Kommunal xərcləri ödəyə bilmədikləri üçün zaman-zaman bu ailənin qazı, suyu, işığrı da kəsilir.
Mehbarə xanımın qardaşı oğlu Rafiq isə digər havasız balaca daxmada xəstə yatır. Onun da anası rəhmətə gedib. Bir müddət öncə isə bədbəxt hadisənin qurbanı olub: "İşə getdim ki, evə pul qazanım. 10 manata danışmışdım işi. Taxtalar var idi maşında, gördüm maşının qabaq hissəsi qalxıb. Getdim ki, maşındakı oğlana deyim bəs maşın qalxıb da bir tərəfi, aşa bilər. Elə gedəndə taxtaların hamısı düşdü belimin üstünə. Haradasa 4-5 tona yaxın taxta var idi. "QAZel"lə qarışıq hamısı belimə düşdü. Ondan bəri bu vəziyyətdəyəm. Beldən aşağını hiss eləmirəm. Hərəkət edə bilmirəm. Üzr istəyirəm, su başına belə gedə bilmirəm. Bibimgil baxır mənə. Onurğa sütunum bərk zədələnib. Deyirlər yeriməyə də bilərsən. Elə düşdü ki, başım ayaqlarımın arasında qaldı. Ancaq bibim oğlu gətirdiyi pulla yemək alırlar. Nə alırlarsa, onunla dolanırıq ancaq. Qapını açırlar bir az hava gəlir, təzədən örtürlər, yerimdən qaldıra bilmirlər. Qaldıran kimi ağrıyıram. Mən heç vaxt uzanmamışam, çalışmışam ev üçün nə isə edim. Bibim oğlunun ümidinə qalıb ev. 3-5 manat nə gətirdi, odur. Ancaq onunla dolanırıq".
Ayaqyalın küçələrdə yardım gözləyən Həmdullanın fırıldaqçı olmadığını və ailəsinə hansı əziyyətlə baxdığının şahidi oldunuz. Onların tək ümidi isə sizlərsiniz. "Əl tutmaq Əlidən qalı"b deyirlər. Odur ki, bu ailəyə yardımınızı əsirgəməyin.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı