Türkiyənin taleyini dəyişdirəcək tarixi səsvermə başladı

Türkiyə Konstitusiyasına dəyişikliklərlə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirəyə çıxarılıb. APA TV-nin məlumatına görə, müzakirələr təxminən 15 gün davam edəcək.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) hədəfi müzakirələri yanvarın 23-dək qədər bitirməkdir. Bu vaxt ərzində hər maddə tək-tək müzakirə olunaraq səsə qoyulacaq. Səsvermə gizli keçiriləcək.

Qanun layihəsi parlamentə dəyişikliklərin təşəbbüskarı olan hakim Ədalət və İnkişaf Partiyası fraksiyası tərəfindən təqdim edilib.

Konstitusiyaya əsas dəyişikliklər Türkiyənin parlament sistemindən prezident idarəetmə sisteminə keçməsi və baş nazir postunun ləğvi ilə əlaqədardır.

Layihədə həmçinin prezidentə partiya üzvlüyündə qalmaq, qanunverici və icra səlahiyyətlərini genişləndirmək, habelə Nazirlər Kabinetini formalaşdırmaq hüquqları vermək nəzərdə tutulur.

Dəyişikliklərə əsasən, millət vəkillərinin sayı 550-dən 600-dək artırılacaq, namizədlər üçün minimal yaş həddi 18 yaşa endiriləcək.

Layihə parlament tərəfindən qəbul edildiyi təqdirdə referenduma çıxarılacaq. Dəyişikliklər paketinin dəstəklənəcəyi halda referendumun 2017-ci ilin yazında keçirilməsi mümkündür.   

Hazırda AKP-nin parlamentdə 316 millət vəkili var. Referenduma gedilməsi üçün əlavə 14 səsə ehtiyac var. Qanun layihəsinə dəstək verən Milliyyətçi Hərəkat Partiyasının (MHP) məclisdə vəkil sayı 39-dur. Ancaq MHP-dən bir neçə millət vəkili qanun layihəsinin əksinə səs verəcəyini bildirib.

İlk səsvermədə 330-dan az səslə dəstəklənən maddələr qüvvədən düşmüş hesab edilməyəcək. Çünki ikinci tur keçiriləcək. İlk və ikinci tur arasında 48 saatlıq müddət olacaq. Məclisdən müsbət cavab çıxdığı halda, sənəd təsdiqlənmək üçün prezidentə göndəriləcək. Dövlət başçısı isə layihəni 15 gün müddətində referenduma göndərə bilər.

Referendum tarixinin isə 2 və 23 aprel arasında baş tuta biləcəyi qeyd edilir.

Referendumda vətəndaşların ən azı 51 faizi dəyişikliklərin əleyhinə səs verərsə, Konstitusiya dəyişməyəcək.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR