Qəbələnin Nic qəsəbəsində Milad bayramı qeyd edilib

Bu gün bütün dünyada pravoslav xristianları tərəfindən Milad bayramı qeyd olunur. Qəbələ rayonunun Nic qəsəbəsinin sakinləri olan udinlər də bu günü özünəməxsus şəkildə qeyd ediblər.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, qəsəbə sakinləri “Cotari” alban kilsəsində təşkil olunan bayram mərasiminə toplaşıblar. Tədbirdə Alban-Udin dini icmasının rəhbəri, kilsənin keşişi və icmanın üzvləri çıxış edərək Milad bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin onlara olan diqqət və qayğısından danışıblar.

 

Udinlər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını, Nicdəki “Cotari” alban kilsəsinin əsaslı şəkildə bərpasını ölkədə tolerantlığa gözəl nümunə olduğunu qeyd ediblər. Nic qəsəbəsində 3 kilsə və iki məscid var. Altı min nəfər əhalisi olan Nic qəsəbəsində 3700 udin yaşayır. Ümumilikdə isə ölkəmizdə 4000 nəfər udin yaşayır ki, onların 300-ü Oğuz və Bakıda qeydiyyatdadır. Dünyada yaşayan udinlərin sayı isə 10 minə yaxındır. Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.

 

Çıxışlardan sonra kilsədə şamlar yandırılıb, dualar oxunub, bayram süfrəsi açılıb.

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR