APA TV-nin dəstəyi ilə pansionata köçürülən Xuraman Həsənova vəfat edib

Onunla oktyabr ayında yağmurlu, soyuq payız günündə tanış olmuşduq. Yaşadığı evin blokunda gecələyirdi. Yəqin ki, xatırladınız - söhbət  58 yaşlı Xuraman Həsənovadan gedir. Uzun illər Bakı şəhəri, 7-ci mikrorayon, ev 3a/7 ünvanında dayısı qızının evində məskunlaşmışdı Xuraman xala.  Sonra qohumları Xuraman xanımla birgə yaşadıqları mənzili sataraq, başqa bir yerə köçmüşdülər. Amma Xuraman xalasız. Kimsəsiz qadın düz bir həftə ömrünün 24 ilini yaşadığı binanın blokunda gecələmişdi.

 

APA TV-nin və qonşuların məsələyə müdaxiləsindən sonra Xuraman Həsənova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın və "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyin dəstəyi ilə Bilgəhdəki Müharibə və Əmək Əlilləri Pansionatına yerləşdirilmişdi.

 

Ömrünün son iki ayını pansionatda keçirən Xuraman Həsənova vəfat edib. Onun vəfat xəbərini APA TV-yə pansionatın direktoru Qətibə Əsədova verib: "Xuraman Həsənova bura gələndə tibbi müayinədən keçmişdi. Təngnəfəslikdən əziyyət çəkirdi. Yanvarın 3-də ürək çatışmazlığından pansionatımızda dünyasını dəyişib".

 

Allah rəhmət eləsin! 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR