Lənkəranda 8 ədəd tank əleyhinə mina tapılıb

Lənkəranda mina həyəcanı yaşanıb. APA TV-nin Cənub bürosuna verilən məlumata görə, Xəzər dənizinin Lənkəran sahilində işlək vəziyyətdə olan 8 ədəd tank əleyhinə mina aşkarlanıb. Sursatlar Sərhəd Mühafizə Xidmətinin əməkdaşları tərəfindən 8 saylı yanalma körpüsünün yaxınlığında tapılıb. Daha sonra bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) məlumat verilib. Minalardan 7-i TM-62M və 1 ədədi isə TM-57 tank əleyhinə olub. ANAMA-nın əməliyyat meneceri  Böyükağa Haqverdiyevdən aldığımız məlumata görə minalar təşkilatın Güzdək mərkəzində məhv etmə ərazisində  zərərsizləşdiriləcək.

Bu günə kimi ANAMA əməkdaşları tərəfindən Cənub bölgəsinin ayrı-ayrı ərazilərində 140 ədəddən artıq TM 62 minası, 8 mindən çox  müxtəlif çaplı silah-sursat aşkarlanaraq zərərsizləşdirilib.
ANAMA əməkdaşı Böyükağa Haqverdiyevin sözlərinə görə,  dənizkənarı ərazidə hələ də ləpələrin sahilə çıxardığı minalara rast gəlmək mümkündür. Bununla əlaqədar olaraq, həmin sahilyanı ərazilər təhlükəsizlik üçün çəpərlənib.

Qeyd edək ki, ANAMA tərəfindən ölkənin Cənub zonasında ayrı-ayrı ərazilərin minalardan əsaslı təmizlənməsi tədbirlərinin bundan sonra da həyata keçirilməsi nəzərdə tutulub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR