Goranboyda uşaqlar arasında kəskin qrip virusu yayılıb

Goranboy rayonunda uşaqlar arasında kəskin qrip virusu yayılıb. Goranboy Rayon Mərkəzi Xəstəxanasının uşaq şöbəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, son günlər şöbəyə müraciət edənlərin sayında artım müşahidə olunur.

 

2017-ci ilin ilk günlərindən başlayaraq gün ərzində 10-dan artıq azyaşlı xəstəxanaya gətirilərək müayinə edilir. Məlumata görə, son 10 gün ərzində 100-dən çox azyaşlının valideynləri şöbəyə müraciət edib.

 

Yüksək hərarət, öskürək, tənəffüs çatışmazlığı, qusma halları ilə narahatlıq keçirən 1-3 yaşlı körpələr, habelə 3-5 yaşlı uşaqlar Goranboy Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsində müayinə və müalicə olunur. Xəstəxananın şöbə müdiri Arzu Teymurovun sözlərinə görə, müraciət edənlərin sayı gecə saatlarında daha da artır.

 

Müxtəlif yaşlı uşaqlarda günün ikinci yarısından sonra halsızlıq, yüksək hərarət artaraq ağırlaşma halları ilə müşahidə olunur. Virusa yoluxanlara ilkin yardım göstərilir. Onlardan bəziləri stasionar, vəziyyəti nisbətən yaxşı olanlar isə ambulator müalicə alır.

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR