FES: Dolların möhkəmlənməsi ABŞ iqtisadiyyatına əsas təhlükələrdən biridir
ABŞ-ın Federal Ehtiyat Bankının (FES) rəhbərliyi baza uçot dərəcəsinin tədricən artırılmasını proqnozlaşdırır, lakin hesab edir ki, inflyasiyanın sürətlənməsi pul-kredit siyasətinin sərtləşdirilməsi tempini də sürətləndirə bilər. APA TV-nin məlumatına görə, bu barədə FES-in 13-14 dekabr tarixlərində baş tutan iclasının protokolunda deyilir.
Protokola əsasən, yuxarıda qeyd edilən fikirlə FES-in az qala bütün rəhbər şəxsləri razıdır.
ÜDM-in və istehlak qiymətlərinin artmasının əsas səbəbi kimi infrastruktur layihələrinə investisiyaların artırılması və vergi yükünün azaldılması ilə bağlı planların olmasıdır. Qeyd edək ki, bu təklif ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən səsləndirilib və Ağ Evin gələcək rəhbəri təklifin reallaşdırılmasında israrlıdır. D. Trampın inauqurasiyası yanvarın 20-də olduğu üçün hələlik təklifin detalları açıqlanmır.
Protokolun mətninə əsasən, FES-in son iclasının iştirakçılarının bir çoxu işsizliyin səviyyəsi ilə bağlı proqnozlarında tərəddüd edir. İştirakçıların çoxu hesab edir ki, "işsizliyin səviyyəsi azalmaqda davam edəcək", lakin bu azalma uzunmüddətli perspektiv üçün norma hesab olunandan cüzi aşağı olacaq.
Qeyd edək ki, noyabr ayında ABŞ-da işsizliyin səviyyəsi gözlənilmədən 4,6 faizədək enib. Bu isə 2007-ci ilin may ayından etibarən ən aşağı göstəricidir.
FES-in rəhbər şəxsləri son iclasda qeyd edib ki, möhkəmlənən dollar ABŞ iqtisadiyyatının əsas təhlükələrindən biridir. D. Tramp prezident seçilən gündən FES-in dekabr iclasınadək dolların indeksi 5,2 faiz, sonradan isə 1,1 faiz möhkəmlənib. Dolların bahalaşması ABŞ-da istehsal olunan məhsulların rəqabət qabiliyyətliliyinə mənfi təsir edir. Bununla yanaşı, idxalın ucuzlaşması inflyasiyaya təzyiq göstərir.
Noyabrda ABŞ-da baza inflyasiya 1,6 faiz olub. FES-in proqnozuna əsasən, bu göstərici 2017-ci ildə 2 faizədək artacaq.
Xatırladaq ki, dekabr iclasında FES baza uçot dərəcəsini 0,25 faiz artıraraq 0,5-0,75 faizə çatdırıb. İclasdan sonra FES-in açıqladığı bəyanatda deyilir ki, 2017-ci ildə uçot dərəcəsi 3 dəfə artırıla bilər.
FES-in növbəti iclası 31 yanvar-1 fevral tarixlərində baş tutacaq. Bu iclasda uçot dərəcəsinin artırılması ehtimalı 12 faizdir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı