Bayram sonrası dieta: nə etməli? - MÜTƏXƏSSİS RƏYİ
Bayram bitdi. Hər bayramda olduğu kimi, Yeni il gecəsi və ümumilikdə bayram günləri üçün masalar bəzənir, müxtəlif şirniyyatlar bişirilir. Biz də süfrələrimizi müxtəlif şirniyyatlarla yanaşı, çərəzlər, meyvə quruları və digər nemətlərlə bəzəyirik. Bundan başqa, bayram axşamı bişirilən plovlar, müxtəlif mayonezli salatlardan yetərincə qidalanırıq. Bayramdan sonra ilk düşündüyümüz sual isə artıq çəkidən necə qurtulmaq düşüncəsindən dietoloqla məsləhətə qədər uzanır.
Biz də qərara gəldik ki, ilin ilk iş həftəsində bu sualla maraqlanan izləyicilərimizi çox intizarda saxlamayaq. Dietoloq Tutu Zeynalova ilə görüşüb onun fikirlərini öyrəndik: "Təəssüf ki, biz bu mövzuda həssasıq. Yəni bayram günlərini sanki yemək üçün verilmiş "son şans" kimi dəyərləndiririk. Bayramdan sonra isə tərəzidə gördüyümüz artıq kilolarla müşahidə olunur. Ona görə də bayram günləri qidalanmaya xüsusi diqqətlə yanaşılmalıdır. Kilo almağımıza yol açan səbəb isə bayramda qida rasionumuzun düzgün təşkil olunmamasıdır. Yəni "axşamlar onsuz da evdəyik, istədiyimi yeyəcəyəm" deyə səhər və günorta yeməklərini qaçırmağımızdır. Bayram günlərində xüsusilə çalışan insanlar bir az daha çox yatım deyə günə gec başlayırlar. Bu da maddələr mübadiləsinin zəifləməsinə və yediklərimizin yağ olaraq depolanmasına gətirib çıxarır".
Tutu Zeynalova bayramdan sonra bədənin detoks olmasını məsləhət görür. Çünki bayram günlərindəki qidalanma zamanı bədənin assit durumu pozulur: "Detoks nədir? Bu da düzgün yanaşma tələb edir. Hər kəs əlinə bir litrlik su götürüb içərisinə limon və xiyar atmaqla bunu edib, üstündən də çayla tort yeməməlidir. Bu, bədənin toksinlərdən təmizlənmə prosesidir. Yaxşı olar ki, bu prosedur ildə iki dəfə aparılsın. Bu, heç də gün ərzində ac qalmaq anlamına gəlmir. Bu proses bədəni, ağ ciyərləri və ruhumuzu təmizləyir. Bol-bol su içirik, kofeinli içkilərdən uzaq dururuq, qırmızı ət və çörəkdən çalışırıq istifadə etməyək. Amma çörək qrupunda yer alan digər qidalar olur. Məsələn, dənli bitkilər, qarabaşaqdan istifadə olunur. Çəkimizin üç faizi mislində su içməyimiz zəruridir. Daha çox tərəvəz ağırlıqlı qidalardan istifadəyə üstünlük verilməlidir. Təmiz havada hər gün yarım saat vaxt keçirməklə ağ ciyər də toksinlərdən tənzimlənir. Dərimizin detoks olması üçün isə kontrast duş da çox əhəmiyyətli təsirə malikdir".
Tutu Zeynalovanın sözlərinə görə, maddələr mübadiləsinin pozulmasına və artıq çəkiyə səbəb olan ən mühüm problem hərəkətsizlikdir: "Mütləq səhər yeməyi yeyilməlidir. Bu, sağlamlığımız üçün ən böyük yatırımdır. Daha çox bitki yağlarına üstünlük verməliyik. Ara yeməkləri atladılmamalıdır. Məsələn, toplantınız varsa, bilirsiniz ki, nahara çatdırmayacaqsınız, bu arada az miqdarda çərəzlə, çörək əvəzedicilərlə qidalana bilərsiniz ki, iştahanızın qarşısını alsın. Gününüzü planlaşdırın ki, gecə süfrəyə canavar iştahı ilə oturmayasınız. Bu, sonradan piylənmə kimi ağır prosesə yol açır. Bu da sonradan ürək-damar xəstəliklərinin yaranmasına yol açır. Mənə həkim olaraq məsələnin sağlamlıq tərəfi estetik tərəfindən daha çox əhəmiyyətlidir".
Çalışın sağlam yaşamaq üçün düzgün qidalanın. Çünki yalnız sağlam bədəndə sağlam ruh olur!
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı