Qardaşı tərəfindən 4 il əvvəl öldürülmüş qadının meyiti göstərilən yerdən tapılmadı

Qardaşı tərəfindən 4 il öncə qətlə yetirilmiş Lənkəran rayonunun Nərimanabad qəsəbə sakini, 1988-ci il təvəllüdlü Təranə Polad qızı Ağayevanın meyitinin eksqumasiya olunması prosesi həyata keçirilib. APA TV-nin cənub bürosunun məlumatına görə, prosesdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, polis və prokurorluq əməkdaşları, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinin həkim-ekspertləri iştirak ediblər.

 

Qeyd edək ki, 2013-cü ildə Nərimanabad qəsəbə sakini, 1988-ci il təvəllüdlü Təranə Polad qızı Ağayevanın itkin düşməsi barədə axtarış elan olunub. Həyata keçirilən istintaq hərəkətlərindən sonra axtarılan şəxsin qardaşı, 28 yaşlı Fuad Ağayev şübhəli şəxs qismində saxlanılıb. İstintaqa verdiyi ifadəsində Fuad Ağayev ailə münaqişəsi zəminində bacısını öldürdüyünü və meyiti qəsəbə ərazisində yaşayış olmayan yerdə basdırdığını bildirib. 

 

Lənkəran Rayon Prokurorluğu qızın meyitinin basdırıldığı yerdən çıxarılmasına, ekspertizadan keçirilməsinə qərar verib. Lakin cinayəti törətmiş şəxsin göstərdiyi yerdən  Təranə Ağayevanın meyiti aşkarlanmayıb.

 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR