Cavad xanın şəhid olmasından 213 il keçir

Cavad xanın qəhrəmanlıqla həlak olmasının 213 illiyi münasibətilə onun məzarının önündə anım mərasimi keçirilib. Hər il yanvarın 4-də keçirilən ənənəvi anım mərasimində mərhumun ruhuna dualar oxunub, onun Azərbaycan dövlətçiliyi tarixində oynadığı şərəfli rol xatırlanıb.

İctimaiyyət nümayəndələri, ziyalılar, müəllim, tələbə və şagirdlər Cavad xanın məzarına tər çiçəklər qoyaraq onun xatirəsinə ehtiramlarını bildiriblər.

 

Qeyd edək ki, Azərbaycanın müstəqilliyi dövründə Cavad xanın adı xalqımızın azadlıqsevərlik və igidlik  simvollarından birinə çevrilib. 1786-1804-cü illərdə Gəncəni idarə etmiş Cavad xan Şahverdi xan oğlu Ziyadoğlu-Qacar rus generalı Pavel Sisianovun qoşunlarına qarşı qeyri-bərabər döyüşdə oğulları Uğurlu və Hüseynqulu ilə birlikdə qəhrəmancasına həlak olub.

 

Ölümündən sonra Gəncənin Şah Abbas məscidinin yaxınlığındakı ailə məzarlığında dəfn edilmiş Cavad xanın nəşinin qalıqları 1962-ci ildə bu ərazidə aparılan rekonstruksiya işləri zamanı çıxarılaraq Səbiskar qəbiristanlığına köçürülüb. 1990-cı il martın 27-də xanın nəşi yenidən öz yerinə qaytarılıb və 2005-ci ildə məzar üzərində türbə ucaldılıb.

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR