Kürdəmirdə təcili yardım "KamAZ"la toqquşdu: 2 ölü, 2 yaralı

Kürdəmirdə ağır qəza baş verib. APA TV-nin yerli büroisunun məlumatına görə, xəstəni Bakıya qoyub qayıdan təcili tibbi yardım maşını qəza törədib.

Nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun 187-ci kilometrliyində, Kürdəmir rayon ərazisində qeydə alınıb.   Tural Fərman oğlu Süleymanovun idarə etdiyi Ucar Mərkəzi Rayon Xəstəxanasına məxsus  "Ford"  təcili tibbi yardım maşını ilə Qalib Hüseyn oğlu Hüseynovun idarə etdiyi "KamAZ" markalı yük maşını toqquşub. Nəticədə təcili tibbi maşında olan xəstənin anası,  Ucar rayon sakini 1963-ci il təvəllüdlü Şəhla Sabir qızı Əzizova hadisə yerində ölüb. Maşında olan tibb bacısı Validə Yunis qızı Xəlilova, sürücü T. Süleymanov və   Xəyalə Zabit qızı Mehdiyeva müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq tibb bacısı, V. Xəlilova xəstəxanada ölüb.  Zərbənin gücündən "Ford" markalı maşında yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları  cəlb olunublar. Hadisə baş verən ərazidə yol 3 saata yaxın bağlı qalıb. Faktla bağlı Baş Dövlət Yol Polisini İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Zahid Abışov

OXŞAR XƏBƏRLƏR