FHN əməkdaşları üçün yeni yaşayış binaları istifadəyə verildi

Fövqəladə Hallar Nazirliyinin sosial proqramına uyğun olaraq dekabrın 31-də Bakının Xəzər rayonunun Türkan qəsəbəsində nazirliyin əməkdaşları üçün inşa olunmuş hər biri 5 mərtəbəli, 40 mənzilli 2 yaşayış binası istifadəyə verilib.

 

APA TV-nin xəbərinə görə, mərasimdə fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Etibar Mirzəyev iştirak edib.

 

Mərasimdə çıxış edən nazir müavini general-leytenant Etibar Mirzəyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edib, belə bir əlamətdar günlərdə Yeni ili yeni evlərində qarşılayacaq nazirlik əməkdaşlarına və onların ailə üzvlərinə ən xoş arzularını çatdırıb. Bütün bu işlərin Azərbaycan prezidenti İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olduğunu deyən nazir müavini xidməti mənzillərin müasir tələblərə cavab verdiyini və hər cür şəraitlə təmin olunduğunu diqqətə çatdırıb.

 

Sonra nazir müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə yeni mənzillərin açarlarını sahiblərinə təqdim edib. Daha sonra binanın rəmzi açılışını bildirən qırmızı lent kəsilib.

 

Qeyd edək ki, mərkəzi istilik sistemi və bütün kommunal şəraiti olan, lazımi mebel avadanlıqları ilə təchiz olunmuş yaşayış binaları Fövqəladə Hallar Nazirliyi Əsaslı Tikinti İdarəsinin sifarişi və “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun layihəsi əsasında ən müasir standartlara uyğun olaraq inşa edilib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR