İstanbuldakı gecə klubunda qətliam törədən terrorçu ilə bağlı təfərrüatlar - REAL GÖRÜNTÜ

İstanbuldakı "Reina" gecə klubunda törədilən terror aktının bəzi detalları məlum olub.

 

APA TV-nin məlumatına görə, şahidlər bildirib ki, terrorçu ayaq üstə olan şəxsləri təkbir gətirərək və türkcə söyüş söyərək atəşə tutub.

 

Bu vaxt gecə klubunda musiqinin səsi yüksək olub. Silah səsini eşidənlər stolların altında gizlənməyə çalışıb. Bundan sonra o, soyuqqanlılıqla yerə yatan yaralıların başına atəş açıb.

 

Təhlükəsizlik məsələləri üzrə mütəxəssis Abdullah Ağar terrorçunu peşəkar olaraq qiymətləndirib. "İçəridə qaldığı vaxtın, sadəcə, 5 dəqiqə yarım olduğu və bu zaman daxilində hərəsi 30 güllə tutan 6 daraq dəyişdirdiyi məlumdur. 180 mərmi atan terrorçu qərarlı, inanclı, təcrübəli, nəticəni dəqiq bilən və soyuqqanlı mütəxəssisdir", - deyə Ağar bildirib.

 

Ağar terrorçunun yaxın məsafədən, yaxud yaşayış məhəlləsində silah istifadə etməkdə təcrübəli olduğunu deyib. "Bir də sağ tərəfindən güllə yarası almış kimidir. Addımları simmetrik deyil".

 

Yarımçıq türkcə ilə danışan terrorçunun yaşıl rəngli köynək, tünd şalvar və qara çəkmə geydiyi məlum olub. Təxminən 25 yaşlı şəxsin Şərqi Türküstandan olacağı güman edilir. Eyni zamanda çox sürətlə hərəkət edən şəxsin hərbi təlim gördüyü barədə fərziyyələr var. O, tanınmamaq üçün qısa zamanda gödəkcəsini çıxararaq klubdan uzaqlaşıb, sonra bir taksiyə mindiyi iddia olunur. Qısa zamanda paltarını dəyişdirib qaça bilməsi üçün onun gecə klubunu yaxşı tanıdığı, hətta binanın içində kəşfiyyat apardığı ehtimalı üzərində durulur.

 

Qeyd edək ki, "Reina" gecə klubuna hücum zamanı 39 şəxs ölüb, 65 nəfər isə yaralanıb. Yaralılardan dördünün vəziyyəti ağırdır. Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölənlərdən 16-nın başqa ölkələrin vətəndaşı olduğunu açıqlayıb. Dörd nəfər isə klubun işçiləridir. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR